Dənizi hasarlamağa kim bunlara icazə verib..? Dənizə yaxın oturmaq üçün 20 manat, bir az aralı 10 manat… Yazıya giriş olaraq onu qeyd edək ki, istirahət özü bir mədəniyyətdir. Loru dildə desək, istirahət etməyi bacarmayan millət normal işləyə də bilməz. Sözün qısası, son illər paytaxt Bakıda və regionlarda xeyli sayda istirahət mərkəzləri, hotellər açılıb. Amma və lakin bunların çoxu qanunsuz yolla faəliyyət göstərirlər. Belə ki, hansısa iş adamı gedib dövlət təbiət qoruğu olan meşənin 5-6 hektar ərazisini zəbt edib orada istirahət kompleksi tikir. Yaxud hansısa məmur-biznesmen Xəzər dənizinin sahilini hasarlayıb orada restoran, hotel, istirahət mərkəzi yaradır…
Dənizin hasarlanması və digər məsələlərlə bağlı vaxtilə Ulu Öndər müşavirələrin birində çox kəskin və sərt çıxış etmişdi…və demişdi ki, bu hasarlar təcili sökülməlidir…dəniz və onun sahili xalqa məxsusdur… Sözün qısası, bir çox oliqarx məmurlar neçə illərdir ki, Xəzər dənizinin sahillərini özəlləşdirib hotellər, istirahət kompleksləri tikib milyonlar qazanırlar. Belə istirahət mərkəzlərindən biri də “SUNSET” istirahət mərkəzidir. Novxanı qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən “SUNSET” istirahət mərkəzi ilə bağlı media üzərindən xırda araşdırma zamanı bəlli oldu ki, hansısa kişi istirahət mərkəzindəki hotelə gələrək öz arvadını başqa bir kişi ilə tutub və onu boğaraq öldürüb… Deməli, xəbərdən bəlli olur ki, bura hotel, istirahət mərkəzi deyil, əsl əxlaqsızlıq yuvasıdır…
Bu istirahət mərkəzi həm də evlərə və ofislərə birbaşa yeməklər çatdırır. Amma müştərilərin çoxu deyir ki, bunların yeməkləri çox baha, amma keyfiyyətsizdir, hətta zəhərlənmələr olur… Təsəvvür edirsiniz, bu istirahət mərkəzinin özünün PULLU ÇİMƏRLİYİ var. Bəli, Xəzərin sahilini hasarlayaraq özünə şəxsi çimərlik yaradıb və pul qazanır.
Bu istirahər mərkəzindən şikayətçi olan vətəndaş deyir ki, Novxanıdakı “Sunset” istirahət mərkəzinə daxil olarkən mühafizəçi avtomobilimi saxladı və pul ödəyəndən sonra buraxdı:
“Sunset” çox baha istirahət mərkəzidir. Təsəvvür edin, sadəcə stol və stul götürmək 20 manatdır. Gerisini özünüz düşünün… Hovuzda üzmək, “lejanka” və s. öz qiyməti var….yemək, su və ya çay istəsən, bunun da təbii ki, haqqını ödəməlisən. Və üstəlik əgər avtomobilini istirahət mərkəzinin həyətində saxlamaq istəyirsənsə, bunun üçün mütləq “stoyanşik”ə “hörmət” etməlisən. Bu istirahət mərkəzində tualet pulu, geyinib-soyunma otağı ayrı-ayrılıqda hər biri 50 qəpikdir. Əgər dənizə bir qədər yaxın oturmaq istəsən, 20 manat ödəməlisən, bir qədər içəridə olan çətirli stolların qiyməti 10 manatdır. Yox, əgər pulsuz istirahət etmək istəyirsənsə, ya dənizin kənarına ədyal salıb oturmalısan, ya da istirahət mərkəzinin girəcəyində olan ümumi restoranda əyləşməlisən. Bu, istirahət mərkəzlərində qiymət nisbətən ucuzdur. Məsələn, 1 çaynik çay 3 manat, qutab 50 qəpik, tikə kabab (3 tikə) 6-8 manat, toyuq kababı (3 tikə) 5 manat, salatlar 3 manat, kartof qızartması bir pay 3 manat, saciçi 15-20 manatadır. Biz hələ burada siqaret, tum, su satanlardan danışmırıq. Bu istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində xeyli insan yaralanıb və ağır zədə alıb. Sözün qısası, Dövlət qurumları “SUNSET” istirahət mərkəzində ciddi yoxlamalar aparmalıdır. //gundelik-baku.com//