Manşet Qarabağ

Şəhid jurnalistlər – Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

“Zirvə yolu” xəbər verir ki, şəhid telejurnalistin anadan olmasından 63 il ötür.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.

Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. O, məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Onun hərbi jurnalistikadakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə çəkiliş apararaq tamaşaçılara təqdim edirdi. Sirac da həmkarı Çingizlə eyni taleni yaşayır, növbəti erməni təxribatının qurbanı olur.

Belə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmağa yollanır. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda ikən onların içərisində olduğu “KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşür. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir