Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun göz yumduğu növbəti “yaşıl terror” – Adil Vəliyevi nə bağlayır? (VİDEO)
Binəqədi rayonu, Mir Cəlal küçəsində 9 mərtəbəli binanın qarşısındakı ağaclar kəsilib.
“Azərbaycan Reallığı” xəbər verir ki, ağacların yerində obyekt tikiləcək. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyi baş verənlərə göz yumur.
Binəqədi rayonu, Mir Cəlal küçəsində 9 mərtəbəli binanın 1-ci mərtəbəsinin qarşısındakı ağaclar “yaşıl terror”a məruz qalıb. Redaksiyamıza daxil olan məlumata görə, sözügedən evin qarşısında yeni bir obyekt tikilməsi gözlənilir. Bu səbəbdən də həmin ağaclar kəsilərək yeri genişləndirilir. Çünki “qonşudan qalma geri” prinsipi ilə o sırada daha bir obyekt öz yerini tutacaq.
Ötən yazımızda oxşar halın Yasamal rayonunda yaşandığı barədə məlumat vermişdik.
Həmin yazıda qeyd edilirdi ki, baş verənlər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçmiş direktoru Həsrət Əmrahovun dövrünə təsadüf edir və o, elə bu əməllərinə görə tutduğu vəzifədən azad edilib. Hazırda onun səlahiyyətlərini müavini Mirdamət Seyidov icra edir.
Görünən odur ki, cənab Seyidov Həsrət Əmrahovdan fərqlənmir. Binəqədidə ağacların kəsilməsi məhz onun direktor əvəzi olduğu vaxtdan başlayıb. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin iddia edilir ki, kəsilən ağacların yerində obyekt tikmək istəyən Həbib adlı şəxsdir.
O mətbuatda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi göstərilib.
Bir müddət əvvəl mediada bu şəxsin korrupsiya cinayətinə görə həbs edildiyi barədə məlumatlar yayılıb. Ətrafda yaşayan sakinlər redaksiyamıza baş verənləri əks etdirən foto və videolar da göndərib.
Həmin görüntülərdəki çalaların yerində ağaclar olub və kəsilib.
Sözügedən görüntüləri təqdim edirik:
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.