Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun gücləndirilməsi məqsədilə müasir standartlara cavab verən yeni laboratoriyalar qurulur.
“Zirvə yolu” xəbər verir ki, artıq Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsinin tam müasir avadanlıqlarla təmin edilməsi prosesi tamamlanıb və yeni laboratoriyalar fəaliyyətə başlayıb. Yaxın dövr ərzində bu prosesin davam etdirilərək, Mərkəzin strukturuna daxil olan bütün tibb müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Tibb müəssisələrində fəaliyyət göstərən laboratoriya şöbələrinin işinin təkmilləşdirilməsi, müasir cihaz və avadanlıqlarla təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 40-a yaxın tibb müəssisəsində əvvəlki laboratoriya şöbələrinin əsasında laborator xidmətlər yenidən təşkil edilib, müasir tibbi standartlara uyğunlaşdırılıb və sahə prinsipi üzrə əhalinin xidmətinə verilib.
Bundan sonra vətəndaşlar yaşadığı ərazi üzrə qeydiyyatda olduğu ilkin səhiyyə müəssisəsinə müraciət edərək, həkim təyinatı əsasında icbari tibbi sığorta çərçivəsində keyfiyyətli laboratoriya xidmətləri alacaq.
Qeyd edək ki, yeni qurulan laboratoriyalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 731 növ laborator analizlərin tam və dəqiq şəkildə həyata keçirilməsinə imkan verir.