Proqnozlar Maliyyə Nazirliyini niyə “qəzəbləndirib”? – Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı…
Azərbaycanda iqtisadi artım gözləntiləri doğrultmur. 2023-cü ilin ilk 8 ayı ərzində böyümə cəmi 0,8 faiz olub. Bu gedişlə ilin sonuna qədər böyük rəqəmlər gözləməyə dəyməz.
Zirveyolu.info Bizimyol.info-ya istinadla xəbər verir ki, hökumət də iqtisadi artımla bağlı gözləntiləri yüksək tutmayıb. İlin əvvəlində artımın 2,7 faizi keçməyəcəyi hesab olunurdu. Sonradan hətta 1,8 faizdən danışılmağa başlandı. Amma qəribədir ki, “Fitch Ratings”in növbəti proqnozu Azərbaycan Maliyyə Nazirliyini “qəzəbləndirib”. Beynəlxalq reytinq agentliyinin üç ay əvvəlki hesabatına əl gəzdirməsi nazirliyin ürəyincə olmayıb.
“Fitch” yayın əvvəllərində Azərbaycanın 2023-cü ildə iqtisadi artımının 3,53 faiz olacağını bildirmişdi. İndi isə yalnız 2,3 faizdən söz açılır. Beynəlxalq reytinq agentliyi yeni neft hasilatının enerji sektorunda azalmanı yavaşlada biləcəyini düşünür. “Fitch” hesab edir ki, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşacağı halda təbii qaz hasilatının daha da artması mümkündür.
Agentliyin açıqlamasında bunları da oxumaq olar: “Dövlətin iqtisadiyyatda böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması kimi amillər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur”.
Maliyyə Nazirliyi nədən narazıdır? Onsuz da gözləntilər aşağı salınmamışdımı? İndiyə qədər cəmi 0,8 faiz artım ilin sonunadək qeyri-adi sıçrayışın baş verməyəcəyini demirmi? Nazirliyinin beynəlxalq reytinq agentliyinə iradı odur ki, hesabatda mübahisəli rəqəmlər, proqnozlar yer alıb. Qurum hesab edir ki, bəzi qəbulolunmaz qiymətləndirmələr aparılıb. Bank sektorunun vəziyyəti də müsbət qiymətləndirilməyib. Dayanıqlı böyümə imkanlarının aşağı olması qeyd edilib. Biznes qurumlarının iqtisadi risklərə qarşı dözümlülüyü də yüksək deyil.
Hərçənd, “Fitch Ratings” təkcə neqativ şeylər yazmayıb. Məsələn, milli valyutaya müəyyən etibar hiss olunur. Agentlik sanki tezliklə devalvasiya baş verməyəcəyinə möhkəm əmindir. Hesabatda güclü xarici balansdan, aşağı dövlət borcundan, suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyindən danışılır.
“Fitch”ı qınamaq olmur. Beynəlxalq agentlik bir sıra amilləri nəzərə alıb. Bunların arasında geosiyasi risklər xüsusi qabardılıb. Ölkədə korrupsiyanın səviyyəsinin yüksək olması hesabatda böyük rol oynayıb. Vətəndaşların siyasi proseslərə qoşulmaq imkanının məhdud olması da öz sözünü deyib. Bundan başqa, hökumətin hesabatlılığı və qanunun aliliyinə aid göstəricilərin aşağı olması özünü göstərib.
Uzun sözün qısası, hökumət həm də özündən küsməlidir. Bir sıra istiqamətlərdə vəziyyətin yaxşılaşması, hətta kökündən dəyişməsinə ehtiyac var. Əks halda gözləntilər həmişə aşağı olacaq.