Məlum olduğu kimi bir həftə öncə olduqca ciddi bir olay baş verdi ki, sonradan bu məsələ aşkar şəkildə ört-basdır olundu. Sadəcə olaraq olayda tərəf müqabili olan şəxsin – daha dəqiqi zərərçəkənin qeyri-ciddi ünvan mənsubluğu imkan vermədi ki, ictimai qınaq doğru istiqamətə yönəlsin. DİA.AZ bildirir ki, məhz bu amil əslində çod ciddi özbaşınalıq və harınlıq faktının gizli tutulmasına şərait yaratdı. Təbii ki, məlumatlı olan əksəriyyət söhbətin kimlərdən və nədən getdiyini anladı…
Xatırladaq ki, bir həftə əvvəl “Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.
Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.
Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Amma göründüyü kimi ona kimsə dəstək olmadı. Xəbər saytlarında “Fidan”ın açıqlamasının ardından qarşı tərəfin mövqeyinin səslənməsi sanki vəziyyəti düzəltmiş oldu. Amma əslində məsələ çox ciddi idi. Çünki qarşı tərəf iddia edirdi ki, onun başına silah dayayıb, vəzifəli şəxslərin ünvanına nalayiq ifadələri deməsi istənilib. Hər halda, bu faktı maraqlı olan tərəflər araşdırmadan keçməyə çalışsa da, dövlətin müvafiq qurumları öz vətəndaşının təhlükəsizliyi naminə işi təkrar hüquqi araşdırmaya cəlb etməlidir.
Qeyd edək ki, olayla bağlı DİA.AZ-a yeni ilginc faktlar daxil olub və bu barədə məlumatları təqdim edəcəyik.
Bizi izləməyə davam edin. Məsələ ilə bağlı oilaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…