Cəmiyyət

“Evi geri qaytarsam da, ödədiyim pulu ala bilmirəm” – “4 Qardaş” MTK-nın yoldaşlığı yox imiş…

 

Bakı şəhər sakini Faidə Əkbərova kreditlə aldığı mənzili notarial qaydada geri qaytarsa da, ödədiyi pulu geri ala bilmədiyini deyir.

Üzləşdiyi problemlə bağlı “Qafqazinfo”ya müraciət edən F.Əkbərova bildirib ki, 4 aydır mənzildən imtina edib.

Buna səbəb isə aldığı mənzilin eyvanının qarşısında başqa bir binanın tikintisi olub: “Bu ilin may ayında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şosesində yerləşən “4 Qardaş” MTK-nın tikdiyi binadan ümumi sahəsi 48,61 kvadrat metr olan, göl mənzərəli mənzili müqavilə ilə 60 aylıq kredit əsasında aldıq. Mənzillərin satışı zamanı ilkin ödəniş nəzərdə tutulmasa da, 4800 manat ödədim. Lakin az sonra eyvanın düz qarşısında başqa bir binanın tikildiyi məlum oldu və biz müraciət edərək həmin mənzildən imtina etdik.

Notariusda mənzildən imtina ilə bağlı sənəd təqdim etdik və evi MTK-nın rəsmi şəxslərinə təhvil verdik. Bizə qısa müddətdə pulumuzun qaytarılacağı bildirilsə də, heç bir ödəniş edilmir. Deyilənə görə, mənzil üçün beh veriləndə və daha sonra imtina edəndə 800 manat geri qaytarılmır. Mən bununla razılaşdım və 4 min manatımın verilməsini tələb etdim. Lakin MTK rəhbərliyi, Anar adlı şəxs həmin pulumu da mənə qaytarmır”.

Onkoloji xəstəlikdən əziyyət çəkən və onurğasından cərrahi əməliyyat edilmiş şikayətçi bildirib ki, məsələ ilə bağlı polisə müraciət ediblər: “Biz pulumuzun ödənilmədiyini görüb 102-yə müraciət etdik. Ərazi üzrə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində olduq və şikayət ərizəsi yazdıq. Lakin hələ də ərizəmizə baxılmayıb və qarşı tərəfin vurduğu ziyanın ödənilməsi təmin edilməyib”.

DİN-in Mətbuat Xidmətindən bildirilir ki, qeyd edilən məsələ mülki xarakterlidir: “F.Əkbərova bununla bağlı məhkəməyə müraciət edə bilər”.

“4 Qardaş” MTK-nın direktoru Cavid Hüseynli məsələ ilə bağlı bildirir ki, F.Əkbərovanın geri qaytardığı ev satışa çıxarılıb: “Bizim onunla müqaviləmizdə də qeyd edilib ki, mənzil satışa çıxarılır və satılandan sonra daha əvvəl evi almış şəxsin ödədiyi pul geri qaytarılır. Hazırda həmin mənzil satışdadır. Satış həyata keçirilən kimi vəsait geri qaytarılacaq”.

“Qafqazinfo”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir