“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2020-ci ildə qısa zaman kəsiyində üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.
Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.
Və artıq İkinci Qarabağ Müharibəsindən 3 il ötür. Xatırladaq ki, İkinci Qarabağ Müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da başda Ali baş komandan cənab prezidentimiz İlham Əliyev olmaqla rəşadətli ordumuzun igid əsgərlərinin göstərdiyi şücaət nəticəsində ordumuzun qələbəsi ilə başa çatdı. Təbii ki, biz bu şanlı qələbə sevincini 30 illik həsrətə 44 gündə son qoymaqla bizə yaşadan qəhrəman qazi və şəhidlərimizə borcluyuq. Bu unudulmaz sevinci bizə yaşadan qəhrəmanlarımızdan biri də Gəncə şəhər şəhidi Rüstəmov Aydın Elxan oğludur.
Rüstəmov Aydın Elxan oğlu 1997-ci il avqustun 17-də Gəncə şəhərində anadan olub. 2004-cü ildə 32 nömrəli tam orta məktəbə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib və həmin ildə ali məktəbə qəbul olub. O, 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə yola düşür. Hərbi xidmətinin 1 il 4 ayında başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Aydın qızğın döyüşlər zamanı yaralansa da ilkin tibbi yardımdan sonra yenidən döyüş bölgəsinə qayıdır və ölümün gözünə dik baxaraq düşmənlə qarşı-qarşıya böyük əzmlə son nəfəsinə qədər döyüşərək noyabrın 7-si Xocavənddə qəhrəmancasına şəhid olur.
Ölümündən sonra Aydın Rüstəmov Prezidentin sərəncamına əsasən «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Cəsur döyüşçü», «3-cü dərəcəli Ordeni» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif olunub.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik.
Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik.
Vüsalə Məmmədova