Cəmiyyət

Tiflisdə “rəngi inqilab” Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər – Ekspert danışır

Gürcüstanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, rusiyalı polkovnik İqor Korotçenko belə hesab edir. Onun fikrincə, Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa etməsinə Qərbin (ABŞ-Fransa-Avropa Birliyi) cavabı tezliklə Gürcüstanda sabitliyi pozmaq, orada “rəngli inqilab” təşkil etmək və baş nazir İrakli Qaribaşvili hökumətinin zorla aradan götürülməsi cəhdi olacaq.

Rus hərbi analitikin sözlərinə görə, bu, Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə cəhdidir, baş tutsa, bu, sadalanan ölkələrin hər birinə fərqli şəkildə zərər verə bilər. Korotçenko güman edir ki, yeni təhdidləri qiymətləndirmək və Qərbin planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya təhlükəsizlik şuralarının və ya kəşfiyyat xidmətlərinin rəhbərlərinin qeyri-rəsmi qapalı görüşünün keçirilməsinə təcili ehtiyac var. Hətta o, belə bir toplantının keçirilməsi üçün optimal yerin Bakı olduğunu düşünür.

Korotçenko Gürcüstanda mümkün hakimiyyət dəyişikliyinə də diqqət çəkib: “Gürcüstanda İrakli Qaribaşvili hökumətinin devrilməsi və orada açıq-aşkar qərbyönlü və ya amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsi nə deməkdir? Ən mühüm boru kəmərləri – qaz (Cənub Qaz Dəhlizi) və neft (Bakı-Tiflis-Ceyhan) kəmərləri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan ərazisindən keçdiyi üçün Azərbaycan və Türkiyəni şantaj ehtimalı; Azərbaycan, Türkiyə və Rusiyaya güclü təsir və sabitliyi pozma vasitəsi kimi İrəvan-Tiflis-Brüssel-Paris hərbi-siyasi oxunun formalaşması; qlobal erməni diasporunun qüvvələrinin Azərbaycana qarşı destruktiv hərəkətlər üçün yeni tətbiq amili kimi Ermənistan-Gürcüstan əlaqəsinin strateji əhəmiyyətinin artırılması”. Bir sözlə, rus ekspertin mülahizələrində kifayət qədər maraqlı nüanslar var. Söhbət bölgədə strateji qarşıdurmanın yeni cəbhəsinin növbəti dəfə Gürcüstan olmasından gedir. Sabiq prezident Mixail Saakaşvili dönəmində ABŞ bu ölkəni tamamilə Rusiyadan qopara bilmişdi. Hazırda oxşar ssenari Nikol Paşinyan üzərindən Ermənistanla bağlı gedir. Gürcüstanda isə Rusiyaya yaxınlığı ilə seçilən oliqarx Bdzina İvanaşvilinin qurucusu olduğu “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra ikivektorlu siyasət aparıldı: Qərbə inteqrasiyanın davam etdirilməsi, Aİ ilə tərəfdaşlıq, Rusiya ilə münasibətləri yumşaltma… Son dövrlərdə isə Qaribaşvili Aİ-yə qarşı ittihamlar səsləndirməkdədir, Ukrayna müharibəsində Qərbin Tiflis üzərindən ikinci cəbhə açmaq cəhdində olduğunu iddia edir, Moskva ilə əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edir. Ona görə də Gürcüstanda rusiyapərəst bir iqtidarın olduğu əsas gətirilərək çevriliş planlarının çizilməsi mümkündür. Bəs Korotçenkonun iddiaları hansı səviyyədə real görünür? Gürcüstan yenidən inqilaba hamilə ola bilərmi?
DİA.AZ bildirir ki, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a açıqlamasına görə, NATO və ABŞ Rusiyanı özünə düşmən elan edib: “Burada strateji məqsəd Rusiyanı dünya siyasi xəritəsindən silməkdir. Bu baxımdan, Rusiyaya yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirildi, nəticədə həmin dövlətləri klounlaşdırdılar. Buna bariz nümunə kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsini kəsdi. Belədə isə Rusiya yeni doktrinasını cənuba – Türkiyə və İranla elan etdi. Yəni Rusiyaya Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Ancaq Rusiyanın bu planı həyata keçirməsi üçün ona Cənubi Qafqazda stabillik də lazımdır. Çünki Rusiya-ABŞ münaqişəsində iki cəbhə var: Ukrayna və Cənubi Qafqaz…”, – deyə ekspert belə dəyərləndirir.

Onun fikrincə, Birləşmiş Ştatların artıq Paşinyan layihəsi iflasa uğrayır deyə Gürcüstan planı işə salına bilər: “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Rusiyanın cənub doktrinasına mane olmaqda idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və antiterror tədbiri ilə bölgədə qaynar ocağı söndürməsi Qərbin regiondakı planlarını iflas etdirdi. Paşinyan vasitəsilə Azərbaycana təzyiq edilirdi ki, anti-Rusiya blokuna qoşulsun. Hətta bir vaxtlar Bakıda Soros Fondu yerləşirdi və niyyət ölkədə rəngli inqilab etmək, sonra Qərbpərəst iqtidar vasitəsilə Azərbaycandan Rusiyaya qarşı istifadə etmək idi. Amma Azərbaycan Sorosu ölkədən çıxardı”.

Ekspert hesab edir ki, Birləşmiş Ştatlar İrəvan üzərindən Türkiyə-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışıb: “Bu planlar alınmır deyə Gürcüstan faktoru önə çıxarılır. Azərbaycanın enerji məhsulları bu ölkə üzərindən Qərbə ixrac edilir. Amerika Saakaşvili kimi birini ortaya çıxarıb dəyişiklik etmək istəyə bilər. Çünki 3+3 modelinin həyata keçməsi Amerikanın regiona daxil olmasına əngəldir. Düzdür, Gürcüstan Rusiya ilə düşmən olduğu üçün bu platformaya razı deyildi, lakin son vaxtlar rəsmi Tiflisin mövqeyində müəyyən yumşalma var. Vaşinqton da bu prosesi gördüyü üçün müdaxilə etməyə hazırlaşır. O səbəbdən Gürcüstanda etirazlar baş qaldıra bilər”.

A.Məsiyev Qərbin Gürcüstanda kataklizm yaratmaqla əslində Paşinyanı da hədəfdən yayındırmağa cəhd göstərdiyini ehtimal edir: “Yəni mürəkkəb və çoxkombinasiyalı strateji prosesi gedir. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Qərb regiona nüfuz edə bilməyəcək. Bu müqavilə Moskvanın vasitəçiliyi ilə reallaşa bilər. Zəngəzur dəhlizi də Rusiya-Türkiyə münasibətlərinə uyğundur deyə ABŞ bu layihəyə qarşıdır. Ona görə Gürcüstan və Ermənistan üzərindən regionda qaynar ocaqlar yaratmaq istəyirlər. Bu baxımdan, Ərdoğanın təklif etdiyi dördlük formatı bölgədə sülh üçün əlverişli modeldir. Nə qədər tez gerçəkləşsə yaxşıdır…”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir