Cəmiyyət

Kəndlərdə 10 manata görə itirilən milyonlar – AXI NİYƏ?

Ölkədə payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar olaraq əkin sahələrinin sığortalanmasına start verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, sentyabrın 1-dən etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək. Bugünlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyətə başladığı 3 il ərzində Fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əhatə dairəsinin genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda Aqrar Sığorta Fondu tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25%-i deməkdir. 2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən 2,4 milyon manat ödəniş edildiyini xatırladan Fond sədri, 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin də bir neçə dəfə yüksələcəyini bildirib.

Fond rəhbəri qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını qeyd edib. Qeyd edək ki, əkin sahələrinin sığortalanması ilə bağlı ümumi nəticəyə nəzər saldıqda hazırkı 25 faizlik rəqəm o qədər də böyük rəqəm deyil. Bunun hansı problemlərdən qaynaqlandığına gəldikdə isə müxtəlif səbəblər var.

Məsələ ilə bağlı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirmişdi ki, bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların zərərə düşməsi ilə nəticələnir:

“Bəzən fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, əkinlərin bəyanını dekabrın ayına, hətta ayın sonuna saxlayırlar. Buna uyğun olaraq həmin vaxt əkinlərin sığorta olunması da ləngiyir. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerləri zərərə düşməsi deməkdir.

Noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verəndə fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi də bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, əkinə yararlı sahələrin 20-25 faizi Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb və Azərbaycanda torpaq sahələri təxminən 2 milyon hektardır:

“Sığortalanmanın lənğ getməsinin, fermerlərin sığortalanmaya marağının zəif olmasının bir sıra səbəbləri var. Səbəb o deyil ki, qiymətlər bahadır. Təxminən 1 hektara 20 manatlıq sığorta zərəri hesablanır. Onun da yarısını fermerlərin əvəzinə hökumət ödəyir. Fermer sığorta faizinin yarısını, 10 manat ödəyir. Bu, fermer üçün münasib bir qiymətdir. Ancaq problem ondadır ki, fermerlər arasında təbliğat çox zəif gedir. Bu sahədə təbliğat aparılmalı, əhaliyə məlumat verilməlidir.

Fermer hələ bilmir ki, sığorta nə deməkdir. Bu gün fermerlərin böyük əksəriyyəti sığortanı vergi kimi qəbul edir. Fikirləşirlər ki, yeni bir vergi, “sığorta vergisi” meydana çıxıb. Ümumiyyətlə, təqdimatdan çox şey asılıdır. Əhali arasında təbliğat aparmaqla yanaşı Aqrar Sığorta Fondu və aqrar sahədə sığorta bazarına girmək istəyən şirkətlər sığorta hadisələrinə həssas yanaşmalıdırlar. Sığorta hadisəsi baş verən kmi zərərçəkən fermerin zərəri ödənilməlidir, onun qohumları, qonşusu, kənd sakinləri, qonşu kənddə yaşayan fermer görməlidir ki, filankəsin taxıl sahəsini sel apardı, bu qədər ziyana düşdü və Aqrar Sığorta Fondu, yaxud digər sığorta şirkəti həmin zərəri tam şəkildə ödədi. Baş verən hadisənin kompensasiyası olmalı və bunu əhali görməlidir.

Bu istiqamətdə əhali arasında həm təbliğat aparılmalı, həm də insanları əmin etməli, inandırmalıdırlar ki, onlar doğurdan da əhaliin zərərini ödəmək üçün çalışırlar. Bu zaman fermer başa düşəcək ki, onun başına sığorta hadisəsi gəlməyibsə, şükür etməlidir, həm də qonşusuna kömək edib. Hər hektara 10 manat ödəməklə qonşusunun zərərini ödəyib. Bunları hər bir fermerə izah etməlidirlər. Bu sahədə çalışmaq istəyən, maraqlı olan sığorta şirkətləri işləməlidilər”.

O bildirib ki, sığorta bazarı çox həssasdır:

“Torpağa fidan əkmək kimidir. Bu, ildən-ilə bəslənməlidir, həm təbliğatla, həm də etibarla. Hazırda ilkin mərhələdir, ancaq bu iş davam etdirilməlidir. Təbliğatla yanaşı, işin fəlsəfəsi əhaliyə izah olunmalı, digər tərəfdən əhalini inandırmaq lazımdır ki, sığorta sizin çətirinizdir. Yağışı dayandıra bilməyəcəyik, ancaq çətir olaraq yağışın üzərinidə düşməsinə imkan verməyəcəyik. Bu qədər sadə fəlsəfə ilə əhalini inandırmaq lazımdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir