Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yahya qızı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətminin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Sahil Babayev!
Mən, Heydərova Könül Yahya qızı, yazaraq sizə və səsimi eşidə biləcək bütün qurumlara səslənirəm.
Öhdəliyimdə qoca anam və yataq xəstəsi olan oğlum var. 03.10.2023-cü il tarixində Tovuz rayonda yerləşən Sosial Müdafiə Mərkəzinə müraciət etdim.
Hurriyyet.az saytına şikayətimdə “işi, torpağı olanlara qanunsuz yerə sosial yardım verilir” dediyimə və həmin videoları redaksiyaya təqdim etdiyimə görə, Babək və Ramiz müəllim 2 polis əməkdaşı ilə birgə qərəzli şəkildə məni təhqir edib, sürüyərək binadan qovdular. Daha sonra məni polis bölməsinə apartdıraraq haqqımda şikayət etdilər. Orada məni tanıyan yaxşı polislərdən bir neçəsi dedi ki, Könül xanımın xəstə uşağı var, baxa bilmir, tək qadındı, ona görə sosial yardım istəyir, məni evə buraxdılar.
Onların da adına torpaqları var, mənim də. Ona görə, mənə də sosial yardım verilməlidir. Onların qeyri-qanuni işlərini pozduğuma görə, məni hədələyirlər. “Sənə bu rayonda heç iş də verməyəcəyik”, – deyir “isparkom” Hüseyn müəllim. Günahım isə haqqımı tələb etməyimdir.
Mənim, anamın və oğlumun haqqı tapdalanır. Mən də istəyirəm ki, oğlum yaşasın. Mən də istəyirəm ki, əziyyətim əlimdə qalmasın.
04.10.2023-cü il tarixində adını çəkdiyim və həqiqətən Babək müəllimin sayəsində qanunsuz yerə sosial yardım alan şəxslərin evlərinə yoxlama gəldi. Onlar qanunsuzluğu öz gözləri ilə gördülər. Bakıdan yoxlanış gəlib, maşınlarını da gördülər, adlarına olan torpaqları da. Mən düzünü dediyim halda döyüldüm, söyüldüm. Babək və Ramiz müəllimin bütün işləri araşdırılsa daha da böyük qanunsuzluqların üstü açılar”.
P.S. Adında torpaq və iş yeri olmaya-olmaya xanım neçə il sosial yardım alıb. Onun dediyinə görə, əvvəki illər 500 manat rüşvət verib, bu səbəbdən də sosial yardım alıb. Bu il isə işsiz olduğu üçün 500 manatı verə bilməyib.
Hörmətli nazir, əgər sizin qanunlarda işsizə və torpaq sahəsi olmayana, kasıb ailəyə sosial yardım düşürsə, Heydərova Könül Yahya qızı necə sosial yardım alıb? Bu Babək müəllim haqqında hansı səbəbə görə araşdırılma aparılmır?