Keçən ilin iyununda Binəqədidə yerləşən oteldə sevgilisini öldürən qız Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Zirveyolu.info news24.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirləndirilərək 15 il 6 ay müddətinə həbs cəzası verilən 1987-ci il təvəllüdlü Hüseynova Günel Yaşar qızının müraciəti Apelyasiya məhkəməsində icraata götürülüb. İşə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq və ilk iclas mayın 3-nə təyin edilib.
Məlumata görə, Günel Hüseynova özündən 6 yaş kiçik olan sevgilisini onunla evlənmədiyi üçün öldürüb. Belə ki, Atakişiyev Vüqar Rasif oğlu G.Hüseynova ilə sevgi münasibətində olub. Sonra isə onunla evlənməyəcəyini dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı G.Hüseynova Vüqarı qətlə yetirib.
Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı “Qrand” otelində baş verib.
Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb.
Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev hadisə yerində dünyasını dəyişib.