Cəmiyyət

`Şakir MTK` İŞİ: Vətəndaş nə etsin? – ÖZBAŞINALIQ!

Xəbər verdiyimiz kimi, zərərçəkmişlər- Quliyev Murad Əli oğlu, Əsgərov İldırım Qasım oğlu, Cəfərov Namiq ovruz oğlu, Pənahov Namiq Məmmədtağı oğlu, Məmmədov Babək Vahid oğlu, Əkbərova Qızbəs Ələkbər qızı və başqaları (120 zərərçəkən) Hüseynov Şakir Hüseyn oğlu tərəfindən ələ keçirilmiş külli miqdarda pul vəsaitlərini tələb edirlər.

Bu dələduzluq cinayətinə bütün məhkəmə instansialarında hüquqi qiymət verilib. Lakin çox maraqlıdır ki, Hüseynov Şakir Hüseyn oğlu həbsxanada dünyasını dəyişəndən sonra əvvəldən onunla birlikdə mənzil almaq istəyən vətəndaşlardan pulları qəbul edən, özünü atası Hüseynov Şakir Hüseyn oğlunun varisi və icraçı direktoru kimi tanıdan, bütün müqavilə sənədlərində imzaları keçən, sonradan «Şakir» MTK yaradıb atasının yarımçıq işlərini davam etdirən Tural Şakir oğlu Hüseynov məsuliyyətdən yayındırılıb. Və məhkəmə tərəfindən müsadirə olunmuş əmlakların satılaraq zərərçəkmişlərə verilməsinə imkan vermir.

Bundan əlavə, bütün bunlar azmış kimi, Tural Hüseynov onunla şərik olmuş və mənzil tikintisi ilə bağlı T.Hüseynova milyonlarla vəsait qoymuş şəriklərini belə həbs etdirməkdən, pullarını qaytarmamaq üçün onların müflis vəziyyətə salınmasından belə çəkinməmişdir.

Artıq ikinci dəfədir ki, hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Telman Ağalar oğlu Səlimov «Təzadlar»a zəng edərək onun Tural Hüseynov və digərləri tərəfindən şərlənərək, heç bir hüquqi sənədlər və sübutlar olmadan ittiham edilərək həbsinə nail olmaları və s. barədə müsahibə verir. Həmin müsahibə və məhbusun yazılı ərizəsi hazırda çapa hazırlanır, təqdim olunacaq.

***

Zərərçəkmişlərin verdiyi məlumata görə, Tural Şakir oğlu Hüseynov nəinki onların mənzil almaq məqsədilə verdikləri külli miqdarda pullarını geri qaytarmaq istəyir, əksinə, müxtəlif bəhanələrlə onları tanımaqdan belə imtina edir. Budur, ötən yazıda qeyd etdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş kimi dindirilmiş Popova Nina Borisovna həm istintaqa verdiyi ifadəsində, həm də məhkəmə ifadəsində T.Hüseynova nə qədər pul verdiyini, amma üç dəfə aldadıldığını, sonda evlərinə gedərək anası ilə də danışdığını, yenə də aldadıldığını deyərək onun həbs edilməsini məhkəmədən xahiş edir.

Bəs zərərçəkmişlərdən pul necə alınırmış?

Digər zərərçəkmiş Camalova Alimə Mehdi qızı ifadəsində deyir: «…2004-cü ilin axırlarında yeni inşa olunmuş binalardan mənzil almaq üçün xalam oğlu Orxan Mehdizadənin də mənzil aldığı Bakı şəhəri, «20 yanvar» meydanının yaxınlığında inşa olunan binadan ev almaq üçün Orxanın vasitəsilə Vüqar adlı şəxslə tanış oldum. Vüqarın təklifi ilə inşa olunan binaya baxdıqdan sonra Bakı şəhəri, Tbilisi prospekti, 3166 –cı məhəllədə yerləşən 16 mərtəbəli binanın 3-cü girişinin 9-cu mərtəbəsində yerləşən 98-ci mənzili almaq qərarına gəldim…».

Beləliklə, A.Camalova ilk olaraq üçotaqlı mənzil üçün Vüqara əvvəlcə 10 min ABŞ dolları pul ödəyəcəyini deyir. Vüqar 05 noyabr 2004-cü ildə mənzil alqı-saytqısını rəsmiləşdirmək üçün A.Camalovanın yaşadığı mənzilinə gəlir, ona müqavilə blankını verir, müqavilədə isə rəhbər və məsul şəxsin imzası yerində «Hüseynov Ş.H.» yazıldığını, imza olduğunu, möhür vurulduğunu görür. O, həmçinin müqavilənin arxa hissəsində «10 min manat ödənildi» söz və rəqəmlərini də görür. Bundan sonra Vüqara 10 min dollar pul verilir.

A.Camalova Vüqara 2005-ci ilin yanvarında əlavə olaraq 1500 dollar vermiş, bu müqavilədə qeyd edilmişdir. Lakin 2005-ci ilin dekabr ayında isə onun telefonuna Tural adlı şəxs zəng etmişdir: «…Tural mənə dedi ki, o, evləri tikən Şakir Hüseynovun oğludur. Bildirdi ki, bundan sonra mənzilin pulunun qalan hisəssini ofisə gəlib ödəmək lazımdır. Mən Turalı tanımadığım üçün Vüqara zəng etdim, o isə dedi ki, bu işdən artıq ayrılıb. Həmçinin Turalın həqiqətən də Şakir Hüseynovun oğlu olduğunu dedi. Mən həyat yoldaşımla Turalın dediyi ofisə getdim, orada onunla görüşdük. Mən orada 1500 dollar pulu Turala verdim, müqavilənin arxa hissəsinə bu barədə qeyd də yazıldı…».

Tural Hüseynov 2006-cı ilin iyun ayında A.Camalovaya zəng edərək mənzilin qiymətinin qalxdığını ona bildirir: «…Mən 2006-cı ilin sentyabrında ofisə gedərək Turalla görüşdüm, mənzilin pulunun qalan hissəsindən 10500 dollar pul ödəmək istədim. Lakin o buna razı olmadı, dedi ki, mənzilin qiyməti qalxıb. Sonra atası Şakir Hüseynova zəng vurdu, atası da köhnə qiymətə razılaşmadı. Həm də müqaviləni dəyişmək lazım olduğunu söylədi. Tural mənə mənzilin hər kvm. sahəsi üçün 450 dollardan ödəmək istədiyini bildirdi, amma mən razı olmadım. Sonra o atası ilə bir də danışdı, nəhayət, mən 10500 dollar pulu onlara verdim. Tural yeni müqavilə yazdı, mənə surətini çıxarıb verdi. Amma yeni müqavilədə tarix 16 sentyabr 2006-cı il yazılmışdı. Eləcə də o mənzilin qiymətini manatla göstərməli oldu. Nəhayət, 2006-cı ilin noyabrında Tural mənə zəng vuraraq mənzillərin qiymətinin artıq qalxdığını dedi və atası Şakir Hüseynovla danışdığını, mənzilin qiymət artımını da nəzərə alıb pulu tam ödəmək lazım gəldiyini mənə dedi. Mən həyat yoldaşım İkramla mənzilin dəyərinin qalan 25100 dolları pulunu borc tapıb həmin ofisə getdim, Şakir Hüseynovla görüşdüm. Ş.Hüseynov da mənə dedi ki, mənzilin qiyməti qalxıb. Mən də dediyi qiymətə razılığımı çatdırdım. Amma müqaviləni göstərib bildirdim ki, müqavilədə gələcəkdə qiymət artımının nəzərə alınmayacağı yazılıb. Lakin Ş.Hüseynov buna məhəl qoymadı və pulu 450 dollardan ödəməli olduğunu bildirdi…».

A.Camalova 2007-ci ilin may ayında Şakir Hüseynovun yanına gedib-gəlir, amma o köhnə qiymətə razı olmur, pulu qəbul etmir: «…Hətta o mənə dedi ki, əks halda, müqaviləni ləğv edərək məni payçı siyahısından çıxaracaq. O, 9 may tarixində mənə rəsmi xəbərdarlıq məktubu da göndərdi. Lakin mən ondan 3 gün ərzində mənzilin qalan məbləğini də qəbul etməsini tələb etdim. Razılaşmadı… Məcbur olub Yasamal rayon Məhkəməsinə ərizə ilə şikayət verdim. Məhkəmə baxışı zamanı dəhşətə gəldim. Mənə məlum oldu ki, bu mənzil hələ alınmamışdan əvvəl- yəni 2004-cü ilin yanvarında Tbilisi prospekti, 3166-cı məhəllədə 16 mərtəbəli binanın 98 saylı mənzili İrina Kudryavseva adlı başqa bir qadına satıblar, məni aldadırmışlar. Hətta həmin qadınla alqı-satqı müqaviləsi 9 saylı Notariusda rəsmiləşdirilib də. Az sonra Şakir Hüseynov həbs edildi, 28 avqust 2007-ci ildə istintaq orqanlarına ərizə yazaraq Ş.Hüseynovun barəsində aparılan istğintaq işində dindirilməyimi və zərərçəkmiş kimi tanınmağımı xahiş etdim…».

Zərərçəkmiş məhkəmədə Tural Hüseynovun da həbs edilməsini tələb edir, amma…

(Davamı var)

«Təzadlar»

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir