Cəmiyyət

Ağsuda vəziyyət `İPDƏN ASILIDIR…” – ACI DA OLSA… FAKTDIR!

Biz bu dəfə nə müharibədən, nə onun yaşatdığı dəhşətlərdən, nə qələbədən, nə də o, qələbəni bizə yaşadan oğulların şücaətindən danışacağıq. Bu barədə hamı yazır, hamı danışır. Hətta, qazilərin, şəhid ailələrinin, müharibə əlillərinin telefon zəngini açmayan deputatlar, onları günlərlə get-gələ salan və qəbul edib dərdini dinləməyən İcra başçıları, ümumiyyətlə övladını müharibədən gizlədən bütün məmurlar belə müəyyən tədbirlərdə danışır, sadaladığımız insanların nə yaşadığını bilməyən, təsəvvür belə etməyən insanlara özlərini alqışlatdırırlar.

Ona görə də biz bu dəfə məhz odun-alovun üzərinə tərəddüdsüz gedən və dadını təsvir etməyə kəlimələr yetməyən qələbəni bizə yaşadan igidlərin müharibədən sonra – bugünə qədər çəkdikləri və çəkməkdə davam etdikləri əziyyətlərdən bəhs edəcəyik. O, əziyyətlər ki, 10-larla dəliqanlı igidləri canına qıymağa vadar etdi, intiharına səbəb oldu.

Bəli, o, oğulların böyük əksəriyyəti işsizlikdən, ailəsinin, övladının yanında xəcalət hissi yaşamaqda qurtulmaq istədilər.
“DogruXeber.az” bildirir ki, 2023-cü ilin noyabr ayı qara xəbərlə özünü yetirdi. Ağsu rayonunun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu ötən gün intihar etdi.

Onu tanıyanlar işsizlikdən əziyyət çəkdiyini, üç ildir bunun üçün müraciət etmədiyi dövlət qurumu qalmadığını, sonuncu dəfə eyni səbəblə yenidən icra hakimiyyətinin qəbulunda olduğunu və oradan çıxıb, evə gedib, həyətində özünü ağacdan asdığını deyiblər. Bəlli ki, aldığı sonuncu cavab da ümidverici olmadığı üçün o, bu addımı atıb.

Yox, təbii ki, biz bu addımı dəstəkləmirik, intihar çıxış yolu deyil. Amma, bu yolu seçməkdə ən böyük “köməkçi” yerli icra hakimiyyətləri və digər dövlət qurumlarıdır. İntihardan sonra ailəsinə susdurmaq üçün verilən ev, yaxud digər “bəxşişlər” onun sağlığında etdiyi haqlı tələbindən daha ağır olur, halbuki ki, öldükdən sonra verilən imtiyazlar onların sağ ikən haqq etdikləridir.
Allah rəhmət eləsin, xalqın şairi Cabir Novruz gözəl deyib:

“Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara.”

Necə düşünürsünüz, sizcə Rabil Babayevin canına qıydıgına görə biz təkcə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovumu qınamalıyıq?
O, Rövşən Bağırov ki, cəmi iki il əvvəl – 2021-ci ildə yerli saytlarda 15 il “ağalıq etdiyi” Lerik rayon İcra Hakimiyyətində yoxlamalar başladığında təşviş içində olduğu və hətta külli miqdarda yeyintiyə görə həbs olunma ehtimalının olduğu barəsində məlumatlar tirajlanırdı. Amma, maraqlıdır ki, onu o, posta əyləşdirən “sehirli əl” oradan oturduğu kürsü ilə birlikdə “evakuasiya” etdi Ağsu rayon İcra Hakimiyyətinə. Necə deyərlər, “bığda götürüb, saqqala qoydu”. Tutduğu postdan yalnız özünə və himayədarına xidmət üçün istifadə edən və bununla da yerli sakinlərdə kifayət qədər narazılıq yaradan məmur cəzasızlığın ləzzətini daddıqdan sonra, əlbəttə ki, onu heç bir qüvvə əvvəldən öyrəşdiyi yolundan döndərə bilməzdi, heç döndərmədi də…

Rövşən Bağırovun Ağsu rayonuna gəldiyi heç iki ay deyildi ki, yerli sakinləri qəbul etmədiyinə görə narazılıqlar başladı. O, zamanlar sadiq işçiləri, “hələ adamları tanımır, təzə gəlib, zamanla qaydasına düşəcək “, – deyərək, “əlahəzrət” Bağırovun üzünü ağartmağa çalışırdılar.

Amma, bu yalanlar da bir yerə qədər, elə deyilmi???

Şəxsi maraqları gözlərinin önünə o, qədər ‘qalın pərdə” çəkib ki, bir çox məmurlar və qurumlar bunun fərqində deyillər, əslində isə bu kimi hallar onlar üçün həyəcan siqnalı olmalıdır. Bilin ki, xalqın səbri tükənməz deyil.

“Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana.”
(Nizami Gəncəvi)

Nə qədər ki, gec deyil, bu şərəfdən yaralanın, bu həm də sizin vəzifə borcunuzdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir