Cəmiyyət

İSBAM sədri İTTİHAM etdi: “QHT Agentliyinin böyük qrantları böyük adamlarındır.”

Kimin nə deməsində asılı olmayaraq, QHT Agentliyi ilə bağlı heç bir fikrimdə qərəz yoxdur.
Tənqid edirəm, düşünürəm ki, haqlı tənqiddir.
Bundan sadəcə nəticə çıxarmaq lazımdır, əks halda üzərimə trol kimi Əli Kərimlinin partiyadaşlarını tökmək lazım deyil (özünüz söhbətin kimdən getdiyini yaxşı bilirsiniz).
2 məsələyə toxunmaq istəyirəm.
Birincisi, 7 ay durğunluqdan sonra QHT Agentliyində yeni qrant müsabiqələrinin inqilabi dəyişiklik və ya yeni islahat adı ilə təqdim olunmasının əleyhinəyəm.
Çünki aşağıda təqdim etdiyim “skrin” buna sübutdur. Burada QHT Agentliyi yaradılarkən Müşahidə Şurasının ilk vaxtlar müzakirə etdiyi məsələ xəbər kimi paylaşılıb.
Müşahidə Şurası hələ o zaman QHT-lər üçün kiçik, orta və böyük qrantlar siyasətini təklif edir və bunun üzərində iş aparılmasını qərarlaşdırırdi .
Çox hörmət etdiyim Faraset müəllim (həqiqətən o zaman bu sektor üçün canını qoymuşdu) şərhində bildirir ki, bu ideya hələ QHT Şurasının vaxtında var idi, sadəcə qəbul edilmədi.
Demək ki, kiçik, orta və böyük qrantlar konsepsiyası indinin deyil, 10-15 il əvvəl, QHT Şurasının çox fəal işlədiyi dövrün məhsuludur.
Görünən odur ki, yenə də keçmiş təcrübəyə istinad çox önəmlidir.
İkinci vacib məsələ digər paylaşdığım “skrin”lə bağlıdır.
Hörmət etdiyim bir həmkarımız QHT Agentliyinin sosial şəbəkə hesabına suallarını qeyd edib. Orada qeyd etdiyi fikir sadəcə çoxları kimi mənim də ürəyimdən xəbər verdi. Təsəvvür edin, həmişəki kimi eyni adamlar vaxtı zəbt etdi və insanlar lazım olan suallarını verə bilmədilər.
Moderatorlar onların ünvanlarına səsləndirilən bəy təriflərinə qulaq asmaqdan həzz alırdılar.
Müraciət edən həmkarım şərti olaraq 2 saat öncə sual verir, Agentlik isə çox operativ davranaraq 1 saat 37 dəqiqədən sonra cavablandırır.
Allah üzümüzə baxıb ki, bir nəfər sual verib, yoxsa ciddi növbə yaranardı.
Sualların cavablandırılması da çox “peşəkar”dır. QHT sədri sual verir ki, həyata keçirilməyən layihəmi yenidən təqdim edə bilərəmmi?
Cavaba diqqət edin: Layihənizi təkmilləşdirərək Agentliyə təqdim edə bilərsiniz.
Siz nə bilirsiniz o layihə hansı mövzudadır, təkmildir yoxsa təkmil deyil.
Cavab ən azından belə ola bilərdi: “İdeyanız QHT Agentliyinin yeni qrant müsabiqələrində təqdim olunan istiqamətlərə və ya mövzulara uyğun gəlirsə, layihənizi müvafiq qaydalara uyğun hazırlayıb təqdim edə bilərsiniz”.
Sonda bir həmkarımızın sözü ilə fikirlərimi yekunlaşdırmaq istəyirəm: QHT Agentliyinin böyük qrantları böyük adamlarındır.
Ona görə özünüzü çox yormayın.
Samir Adigozelli
Teref.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir