Muxtar Babayev: “Bəsitçay qoruğunda ağaclar məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub”
“Bəsitçay Dövlət Təbiət Qoruğunun yarısında Şərq çinarları və digər ağaclar məhv olub, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub”.
“Zirvə yolu” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir xatırladıb ki, “Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub: “Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılıb, flora və faunanın mövcud vəziyyəti araşdırılmışdır. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olmuş, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var”.
M.Babayev qeyd edib ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli bir prosesdir: “İşğal dövründə baxımsız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər var. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur”.