Manşet Siyasət

Fransada Zəfər Günü qeyd olunub

“8 Noyabr – Zəfər Günü” Fransanın Strasburq şəhərində musiqili tədbirlə qeyd olunub.

“Zirvə yolu” xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə ölkəmizin icmasının üzvləri və dostları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, tarixi zəfəri öz qanı və canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə açılış nitqi ilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib. O, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına əsassız iddialarının ardınca ərazilərimizin 20 faizini işğal etməsini və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın didərgin düşməsini xatırladaraq, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan dövləti və xalqı üçün ölüm-dirim mübarizəsi olduğunu qeyd edib.

F.İsmayılov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində üzləşdiyimiz işğala son qoyulduğunu bildirib, ötən dövr ərzində ölkəmizin ərazi bütövlüyü, suverenliyinin bərpası istiqamətində verilən taleyüklü qərarlar və onların nəticəsində əldə olunan tarixi nailiyyətlər barədə danışıb.

Tədbirdə həmçinin Strasburqda işgüzar səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı və Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavini Kamal Cəfərov çıxış edib. Qonaqları həm Zəfər Günü, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edən K.Cəfərov Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını yüksəltməyi ilə ölkəmizin bütövləşdiyini vurğulayıb.

Bundan sonra tədbir iştirakçılarına 2020-ci il Zəfər Gününə dair video görüntülər nümayiş etdirilib, Azərbaycandan gələn tanınmış DJ Kamran Qaralovun tərtib etdiyi musiqi proqramı təqdim olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir