Ekspert: “Diplomundakı problemlə əlaqədar diaqnostik qiymətləndirməyə buraxılmayanların indi cəlb edilməsi ədalətlidir”
Dekabr ayının sonunda Təhsil Nazirliyi tərəfindən yenidən orta məktəblərdə çalışanların diaqnostik qiymətləndirməsi (DQ) keçiriləcək. AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. Onun sözlərinə görə, imtahanda aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:
1. Orta məktəb psixoloqları;
2. İndiyə qədər DQ-dən keçməyən direktor və direktor müavinləri;
3. İndiyə qədər diplom probleminə görə DQ-yə cəlb olunmayan müəllimlər.
“Düşünürəm ki, 3-cü bənddə göstərilən, yəni diplomundakı problemlə əlaqədar DQ-yə buraxılmayanların indi cəlb edilməsi ədalətlidir. Birincisi ona görə ki, onlar orta məktəblərdə çalışırlar və bəlkə də bilik və bacarıqları digərlərindən yüksəkdir. İkincisi, düşünürəm ki, bütün diplom probleminə görə DQ-yə buraxılmayanları dekabrda gözlənilən DQ-yə buraxmaq olmaz. Yalnız pedaqoji stajı 5 ildən çox olanları buraxmaq olar və onlara minimum bal tələbini tətbiq etmək lazımdır. Yəni, azı 70 faizdən çox nəticə göstərənləri DQ-dən keçmiş hesab etmək olar”, – ekspert bildirib.
K.Əsədovun dediyinə görə, bütün hallarda, xüsusilə psixoloqlar üçün təşkil ediləcək DQ-nin proqramı və ədəbiyyat siyahısı, ən geci noyabrın sonuna qədər təqdim olunmalıdır.