İqtisadiyyat Manşet

Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilib

Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.

“Zirvə yolu” xəbər verir ki, iclasda türk dövlətlərinin nazirləri ilə yanaşı nazir müavinləri də iştirak ediblər.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TDT-nin üzv ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, son illər türk dövlətləri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.

R.Nəbiyev vurğulayıb ki, Orta Dəhlizə maraq getdikcə artır və Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi olacaq: “Bunun üçün imkanlar mövcuddur”.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iclasda bu il noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilmiş TDT-nin 10-cu yubiley Zirvə görüşü zamanı nəqliyyat sahəsi üzrə qəbul edilən qərarlar, Xəzər dənizində yük daşımaları, mülki aviasiya, dəmir yolu sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, üzv ölkələr arasında tranzit daşımaların rəqəmsallaşdırılması və sair məsələlər ətrafında müzakirələr aparılıb.

İclasda açılış nitqi ilə çıxış edən R.Nəbiyev türk dünyası ölkələri ilə nəqliyyat sahəsində əlaqələrin gücləndirilməsi və tranzit potensialının genişləndirilməsində üzv ölkələrlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi, qlobal iqtisadi gərginliyin artdığı bir şəraitdə bu formatda görüşlərin keçirilməsi yeni imkanların araşdırılması baxımından son dərəcə vacibdir. Azərbaycan üzv dövlətlər arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün zəruri addımlar atmağa hazırdır”.

TDT-nin baş katibi Kubanıçbek Omurəliyev çıxışında üzv ölkələrin vahid amal, məqsəd və gələcək üçün daha sıx əməkdaşlıq və birgə inkişaf naminə qarşılıqlı dəstəyə tam olaraq hazır olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı TDT-yə üzv ölkələrin nəqliyyat nazirləri bəyanatlarla çıxış ediblər. R.Nəbiyev öz bəyanatı zamanı qeyd edib ki, üzv ölkələrin ərazilərindən keçən Orta dəhlizin inkişafı bir sıra regional əməkdaşlıq formatlarının gündəliyində mühüm yer tutur. Belə ki, Azərbaycan ölkə daxilində infrastrukturun və institusional mühitin yaxşılaşdırılması ilə yanaşı, regional əməkdaşlığa hesablanan mühüm layihələrin icrasına davam edir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, Orta dəhlizin səmərəliliyinin artırılması infrastruktura yatırımlarla yanaşı, iştirakçı ölkələrlə birlikdə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edir. O, daha sonra tərəfdaş ölkələrlə əməkdaşlıq çərçivəsində dəhliz boyu tarif siyasətinin uyğunlaşdırılması, sərhədlərdə sənədləşmənin sadələşdirilməsi, nəqliyyat şirkətlərinin və dəmir yolu administrasiyalarının əməliyyat fəaliyyətinin sinxronlaşdırılması istiqamətində görülən tədbirlərin ilkin nəticələri barədə məlumat verib. Eyni zamanda iclas çərçivəsində Orta dəhlizin rəqəmsallaşdırılması məqsədilə Azərbaycanın yaratdığı Rəqəmsal Nəqliyyat Logistika Platforması haqqında təqdimat olub.

Sonda TDT-yə üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının yekunlarına dair Kommunike imzalanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir