Azərbaycanda tətbiq olunan “Yaşıl dəhliz” buraxılış sisteminin yarandığı 2019-cu ilin fevralından bəri Dövlət Gömrük Komitəsinə (DGK) 1 300-ə yaxın ticarət iştirakçısı istifadəçisi olmaq, daimi sertifikat əldə etmək üçün müraciət edib.
“Zirvə yolu” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Ramil Bayramov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, bəziləri “Yaşıl dəhliz” buraxılış sistemindən idxal və ixrac əməliyyatlar zamanı istifadə üçün müraciət ediblər: “Artıq ” Yaşıl Dəhliz”dən istifadə üçün müəyyən sertifikatlar təqdim edilib. Onun məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir”.
R. Bayramov vurğulayıb ki, Azərbaycan nəqliyyat mübadilə dəhlizi rolunu oynayır, Azərbaycan mal və xidmətlərin daşınmasını təmin etmək üçün vacib bir nöqtədə yerləşir: “Eyni zamanda elektron və avtomatlaşdırılmış formada gömrük xidmətlərinin həyata keçirilməsi ilə bağlı işlər həyata keçirilir. 2022-ci ildə effektiv gömrük sistemini yaratmışıq. Gömrük Komitəsi 2022-2026-ci illəri əhatə edən inkişaf planı müəyyənləşdirib, planda konkret mexanizmlər öz əksini tapıb.Sənədlərin elektron mübadiləsi, 24 saat ərzində baxılması, vahid data baza sisteminin yaradılması kimi tədbirlər həyata keçirilir”.