Bu gün ölkəmizdə Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğı hər bir sahədə öz əksini tapır. Ən əsası da ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədə xidmət edir.
“Zirvə yolu” xəbər verir ki, noyabr ayı üzrə keçirilən növbəti səyyar görüş ayın 16-da Kosalar kənd sakinləri ilə olub. Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak edib.