2021-ci ildən etibarən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində hər rayonda, həmin rayonun Şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilir. Layihə həmçinin, Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.
Bu dəfə ağacəkmə layihəsi noyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti, “Qırmızı Ürəklər” Fondu, “PAŞA Holding” MMC və “Kapital Bank” ASC-nin birgə təşkilatçılığı ilə Qazax rayonunda reallaşıb.
Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, vitse-prezidentlər Nihad Salmanlı, Yusif Poladov, “Kapital Bank” ASC-nin Qazax filialının müdiri Emil Şərifov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhid ailələri, müharibə əlilləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində baş tutan ağacəkmə aksiyasında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə 350 ədəd sərv və tuya ağacları əkilib. Əkilən ağaclara qulluq olunub, suvarılıb, digər lazımi tədbirlər görülüb.
Şəhid ailələri ilə səmimi söhbət edən rayon rəhbərliyi və qonaqlar 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsinin illər keçsə belə Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayıblar. Xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətiriblər. İstər Birinci Qarabağ müharibəsində, istər 44 günlük haqq savaşında, istərsə də digər döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xalqımızın qəlbində əbədi yaşayacaqlarını qeyd ediblər. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa nümunə olduğunu diqqətə çatırıblar. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə, qazilərə olan qayğının bundan sonra da davam etdiriləcəyini söyləyiblər.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev və başqaları çıxış edərək bugünkü tədbirin təşkilində əməyi keçən insanlara razılıqlarını ifadə edərək bu cür tədbirlər keçirildiyi müddətcə igid Vətən oğullarının heç zaman unudulmayacağını bildiriblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğını rayon rəhbərliyinin timsalında daim hiss etdiklərini, hər zaman şəhid ailəsi olaraq hörmət və ehtiram göstərildiyini vurğulayıblar.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov üzvü olduğu Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan “Mübarizlər” Cəmiyyətinin rəhbərliyinin səmimi ürək sözlərini rayon rəhbərliyinə və qonaqlara çatdırıb. V.Nəsibov şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı göstərdiyinə, həmişə onların problemlərinin həll olunmasında köməklik etdiyinə və həmişə onların yanında olduğuna görə Cəmiyyət tərəfindən Fəxri Diploma layiq görüldüyünü qeyd edib.
Ülvi Vəliyev: Bölgə müxbiri