Cəmiyyət

Bu gün Milli Qəhrəman Alı Mustafayevin ölümündən 32 il ötür

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyəsən. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq…

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olub.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. “Zirvə yolu” xəbər verir ki, GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan Milli Qəhrəmanımız Mustafayev Alı Mustafa oğlunun əziz xatirəsini ehtiramla yad edirik.

Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə “Elektrik” qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi.

Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişi ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.

20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayılıb seçilən insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra “Respublikanın Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

2017-ci ilin aprel ayının 18-də rayon rəhbərliyi tərəfindən Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.

Ülvi Vəliyev: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir