Cəmiyyət

“Qonşularım gözətçisi olduğum meşənin ağaclarını kəsiblər” – GİLEY

“Bir neçə gün əvvəl mənim qoruduğum meşə sahəsində ağaclar qərəzli şəkildə kəsilib. Gecə saatlarında ağacları kəsib elə yerində də qoyub gediblər”.

Bu şikayətlə “Qafqazinfo”ya Lerik rayonunun Hücü kənd sakini Alim Rzayev müraciət edib.

O bildirib ki, 1 saylı regional meşə təsərüfatı mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16a saylı dolayın gözətçisi vəzifəsində işləyir. Kəsilən ağaclar da məhz həmin ərazidə olub: “Noyabrın 14-də gecə vaxtı ağaclar kəsilib. Bunu görənlər də olub. Ağacları kəsənlər mənim qonşularım S.Ş. və onun qardaşı oğlu Y.Ş.dur. Ümumilikdə 11 ağaca zərər dəyib. Onlar daha əvvəl də başqa meşə ərazilərində ağacları kəsiblər. Kəsdikləri ağaclardan həyətlərindəki sexdə bel, balta, külüng sapı emal edirlər. Bir dəfə onların bu qanunsuz hərəkətlərindən şikayətçi oldum. Bu, onlarda mənə qarşı qərəz yaratdı. Buna görə bu dəfə də qanunsuz hərəkətlərini mənə qarşı ediblər”.

Vətəndaşın sözlərinə görə, hadisə ilə bağlı polisə şikayət edib: “Polis gəlib baxış keçirib. Hazırda istintaq gedir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirdi ki, daxil olmuş həmin müraciət əsasında hazırda Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də saytımıza bildirilib ki, məsələ araşdırılır.

“Qonşularım gözətçisi olduğum meşənin ağaclarını kəsiblər”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir