Bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılacaq.
Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir.
Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
“Zirvə yolu” xəbər verir ki, noyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, partiya fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Vüqar Süleymanov adına Qazax Peşə Liseyinin tələbələri, şəhid ailələri, qazilər, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yol kənarında keçirilən aksiyada 600 ədəd ərik, 500 ədəd badam, 100 ədəd eldar şamı olmaqla, 1200 ədəd ağac əkilib.
Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Ülvi Vəliyev: Bölgə müxbiri