Manşet Siyasət

Bakıda “Social Work & Social Research” beynəlxalq elmi konfransı keçirilir

Bakıda Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı öz işinə başlayıb.

“Zirvə yolu” xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin direktoru, millət vəkili Zahid Oruc, ABŞ-ın Vaşinqton Universitetinin professoru Michael Sherraden, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar qonaqlar iştirak ediblər.

Azərbaycan Universitetinin ev sahibliyində təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olacaq və fikir mübadiləsi aparılacaq.

Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirib ki, sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir. Digər tərəfdən isə son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərdən araşdırılmasının zəruriliyini ortaya qoyur.

Açılışın ardından konfransın işi plenar iclas ilə davam edib və üç plenar məruzə dinlənilib.

ABŞ-ın Sent Luis və Vaşinqton universitetlərinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər.

Konfransın plenar iclası və panel müzakirələri sabah da davam edəcək.

Konfransın bu gün və sabah keçiriləcək 10 bölmə iclasında isə Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır.

Konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir