Gəncədə bir neçə ildir, bu şəhərin tarixində guya ən möhtəşəm layihələrdən biri – su və kanalizasiya sisteminin yenilənməsi davam etdirilir.Amma bu lahiyəni icra edən “Azəraqrartikinti” ASC və “Maqro Construction Azerbaijan” şirkətləri Gəncəni İsrail-Həmas müharibəsi nəticəsində bombalanmış Qəzzaya çeviriblər.Dəfələrlə sözügedən şirkətlərin büdcədən ayrılmış MLİYONLARLA vəsaitlərin necə həzmraberdən keçirilməsi ilə bağlı silsilə yazılar ölkə mediasının manşetlərinə daşınsada dövlət qrumları tərəfindən hər hansı bir araşdırma aparan olmadı.
Bu haqda Dünyanınsəsi.Az saytına Şəddadilər küçəsində yaşayan bir qrup mülki və şəhid ailələri tərəfindən video-şikayət göndəriblər.
Şikayətçilər qeyd edirlər ki, qazıq-qazıq olmuş asfalt örtüyü, çuxurlarda yaranan gölməçələr, dağılan kələ-kötür yollar, eləcə də palçıqdan, daş-kəsəkdən keçilməz olan səkilər… Təəssüf ki, bunlar bu gün respublikamızın ikinci şəhərində heç də nadir hal sayılmır. Özü də küçələrin bu haləti uzun müddətdir, yəni isti-soyuq fəsilləri görməklə, davam edir və quraqlıqda toz, yağış yağanda isə palçıqla böyük şəhərə yaramayan “peyzaj”lar yaradır.
Bu günlərdə parlamentin iclasında Gəncədən olan millət vəkillərinin də bu problemin dözülməzliyini səsləndirməsi vəziyyətin ciddiliyindən xəbər verir. 10 ilə yaxındır Gəncədə su-kanalizasiya layihəsinin həyata keçirildiyini, lakin hələ də bu layihənin tamamlanmadığını vurğulayan millət vəkili Naqif Həmzəyev parlamentdəki çıxışında bildirmişdi ki, layihənin tamamlanması Gəncənin yol infrastrukturuna çox böyük ziyan vurur: “Yollar hey qazılır, bəzən qazılan yollar belə təkrar qazılır. Hətta mərkəzi ərazilər, o cümlədən, Nizami Gəncəvi prospekti də çoxlu sayda çuxurları ilə keçilməz bir yola çevrilib. Mən hələ digər yolları və küçələri qeyd etmirəm”.
Həqiqətən də bu qazma işləri gəncəliləri yorub. Belə görünür ki, təkrar qazmalara da işlərin aparılması zamanı yol verilən qüsurlar, konkret desək, borularda sızmalar rəvac verir. Amma bu, bir yana, xətlərin çəkilməsi artıq tam başa çatmış ərazilərdə aylardır ki, asfalt örtüyü hansı səbəbdən bərpa edilmir? Axı bura iri şəhərdir! Onun küçələri isə öz keçilməzliyi, yolları nahamarlığı ilə bir neçə on il bundan qabaqkı asfaltsız kəndləri xatırladır!
“Qeyri-arxeoloji” qazıntısının davamlılığı ilə “tanınan” ərazilərdən biri də Şəddadilər küçəsidir. Buradakı çala-çuxurlar, hətta iri xəndəklər avtomobilçi və piyadaları sanki “alternativ yollar axtarmağa” çağırır.
“Bəlkə bir il olar ki, bura belə vəziyyətdədir. Küçə boyu belədir. Özü də bura hələ magistral yol hissəsidir, işləkdir… Vəziyyəti hamı görür, amma onu aradan qaldırmırlar”, – deyə küçənin sakini İlqar Hüseynov şikayətlənir.
Redaksiyamıza göndərilən Video-şikayəti təqdim edirik:
Mənbə: Dünyanınsəsi.Az