Bu günlərdə Naxçıvanda bir qrup qaziyə avtomobil və mənzil açarları təqdim olunub. Lakin, 44 günlük Qarabağ Müharibəsində ağır yaralanmış digər bir qrup qazi isə, nəinki avtomobil və ya mənzil, haqları olan əlillik dərəcəsini belə ala bilmədiklərindən şikayətlənir. Bu qazilərin bəzisi 10-larla qəlpə yarası alaraq, fiziki və psixi sağlamlığını, bəzisi gözünü, bəzisi də digər orqanlarını itirənlərdir.
Onlar digər qazilərə avtomovil və mənzil verilməsini təqdir edir, lakin özlərinin də diqqətdən kənarda qoyulmamalarını tələb edirlər.
Şərur rayon Maxta kəndindən olan qazi Müzəffər Əliyev deyir ki, 44 günlük müharibədə xüsusi təyinatlıların təkibində döyüşüb və Laçında ağır yaralanıb. Qəhrəmanlıqlarına görə 8 medal aldığını deyən qazi fiziki vəziyyətində ciddi problemlərin qalmasına baxmayaraq, əlillik dərəcəsi ala bilmir:
“Xüsusi təyinatlıların tərkibində işğal altında olan ərazilərin düşməndən azad olması uğurunda vuruşmuşam. Laçında ağır yaralanmışam. Bədənimdə və baş nahiyəmdən çoxlu qəlpə yarası almışam. Təkcə başımdan 5 qəlpə çıxarılıb. Uzun müddət müalicə almışam və fiziki qüsurlular üçün nəzərdə tutulan arabada gəzmişəm. Hazırda fiziki durumumda ciddi problemlər qalmaqdadır. Sol qolum normal işləmir. Lakin, bu günə qədər maşın, ev almaq nədir, fiziki sağlamlığımı itirdiyimə görə qrup da təyin olunmayıb. Min bəhanə gətirib, dətəcə vermək istəmirlər. Cənab prezidentimiz tərəfindən 8 medalla təltif olunmuşam. Bir qrup qaziyə avtomobil və mənzil verilməsinin əleyhinə deyiləm. Onlar bunu artıqlaması ilə haqq edirlər. Lakin, bizə qarşı olan diqqətsizlik bizi aldığımız qəlpə yaralarından daha çox üzür”.
Müzəffər Əliyev hazırda Bakıda yaşadığını, maddi imkansızlıq ucbatından 3 körpə uşağının valideynlərinin himayəsində olduğunu bildirir.
Döyüşlərdə sağlamlığını itirmiş digər qazi Qəzənfər Əliyev də əlillik dərəcəsi ala bilmədiyindən şikayət edir:
“Mən haqqım olanı istəyirəm. Haqqım olmayan nəsə mənə lazım deyil. Mən nəyə görə kiməsə ağız açıb yardım istəməliyəm. Avtomobil, ev düşürsə, verməlidirlər. Sağlamlığımı itirdiyimə görə hansı qrup düşürsə onu təyin etsinlər. Mən demirəm ki, mənə 1-ci qrup versinlər. 3-cü qrup düşürsə, onu təyin etsinlər. Hospitala müayinəyə getdim. Məndən xanım həkim 360 manat ödəniş etməyimi istədi. Qaziyəm dedim, cavab verdi ki, “ağlın vardı getməzdin. Səni döyüşə mən göndərməmişəm” ”.
Birinci Qarabağ döyüşlərində bir gözünü və əl barmaqlarını itirən Şahbuz rayon Badamlı kənd sakini Atif Quliyev birinci qrup əlillik ala bilsə də, digər imtiyazlardan yararlana bilmədiyini deyir:
“1991-ci ildə hərbi xidmətə çağırılmışam. 1992-ci ildə döyüşdə gözümü və barmaqlarımı itirmişəm. Birinci qrup əliləm. 30 ildir Bakıda kirayədə yaşayıram. O mənzildən bizə niyə vermirlər, niyə ayrıseçkilik edirlər? Şikayət etmədiyim yer qalmayıb. Heç bir xeyri yoxdur. Gördüm olmur, məcbur qalıb 2019-cu Heydər Əliyevin məzarına belə şikayət məktubu yazdım. Lakin, buna da baxmadılar. İndiyə kimi nə avtomobil, nə də ev almışam”.
Noyabrın 14-də prezidentin Naxçıvan üzrıə xüsusi nümayəndəsi Fuad Nəcəfli 14 nəfər qaziyə 2 və 3 otaqlı mənzillərin, 5 qaziyə isə avtomobil açarları təqdim edib.
Mənbə: «Gündəlik Naxçıvan»
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…