Cəmiyyət

“MƏN PULUMU SİZDƏN İSTƏYİRƏM, CƏNAB GENERAL” – İş adamı Bəylər Əyyubova müraciət etdi

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanda aparılan kadr islahatları çərçivəsində yeni təyin etdiyi məmurları qəbul edərək, onlara öz tapşırıqlarını verir. Ölkə başçısı bu görüşlərin hər birində məmurlar üzərində ictimai nəzarətin vacibliyini bildirərək, vətəndaşlardan “əyri yola gedən rəhbər şəxslər” haqda məlumat verməyi də istəyib.

Redaksiyamıza müraciət edən və adının hələlik saytımızda (qəzetimizdə) çəkilməsini istəməyən iş adamı isə bildirir ki, Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov ölkə başçısının ətrafında olduğu müddətdə İlham Əliyevə məmurların, eləcə də onların qohum-qardaşlarının qanunsuz əməlləri haqda informasiya çatdırmaq qeyri-mümkündür. Bu, yalnız o halda mümkün ola bilər ki, barəsində şikayət olunan məmurun B.Əyyubovla  münasibətlərində hansısa problem olsun. Onun fikrincə, bu halda sözügedən şəxs barəsində şişirdilmiş məlumatlar prezidentə daha tez çatdırılır.

İş adamı dediklərinin sübutu olaraq vurğulayır ki, general-polkovnik Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubov və onun biznesini idarə edən Zaman Təhməzovun onun külli miqdarda pulunu mənimsəməsi haqda ölkə başçısına dəfələrlə müraciət etsə də, şikayətinə baxan yoxdur. Bu baxımdan, iş adamı əmindir ki, B.Əyyubov öz qardaşının qanunsuz əməllərini ört-basdır etdiyindən, onun şikayəti ünvanına, yəni prezident İlham Əliyevə çatmır.

Bütün bunları misal göstərən iş adamı düşünür ki, Bəylər Əyubov prezidentin çevrəsində böyük sipər çəkdiyi müddətcə, İlham Əliyevə “əyri yola gedən məmurlar” haqda məlumat vermək qeyri-mümkündür.

Rafiq Əyyubov tərəfindən külli miqdarda pulunun mənimsənildiyini iddia edən iş adamının sözlərinə görə, o, Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışan qardaşına arxalanaraq, ona olan borcunu ödəməkdən imtina edir. Borcunu istədikdə isə, R.Əyyubovun biznesini idarə edən Zaman Təhməzov deyir ki, “get kimə istəyirsən şikayət elə, sənin pulunu verməyəcəyik”.

Bu baxımdan, iş adamı məcbur qalaraq saytımız vasitəsilə Bəylər Əyyubova  müraciət edib, qardaşının ona verməli olduğu borcunu general-polkovnikdən istəyir.

Qeyd edək ki, iş adamı başına gətirilən müsbiətlərlə bağlı “Hürriyyət”ə geniş müsahibə verib. Odur ki, növbəti günlərdə Rafiq Əyyubovun ona hansı səbəbədən və nə qədər vəsait borclu olması ilə yanaşı, aşağıdakı suallara da aydınlıq gətirəcəyik:

– Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov öz qardaşının qanunsuz əməllərinə niyə göz yumur?

– Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubovun biznesini idarə edən Zaman Təhməzov kimdir və onun iş adamlarına “qan uddurması” niyə cəzasız qalır?

– Bir çox iş adamından Bəylər Əyyubovun olduğu iddia edilən “Böyük saray”, “Ay işığı” və s. şadlıq sarayları üçün alınan bahalı materialların, dəyəri yüz minlərlə dollar olan xalça və pərdələrin pulunu kimlər və üçün verməkdən imtian edirlər?

– Prezident Administrasiyasında iş adamının şikayətini dinləyən məsul şəxs nə üçün onun məktubunu Bəylər Əyyubova çatdırmaqdan imtina edib?

– Qardaşı Fəqanla birlikdə Rafiq Əyyubovun obyektlərinin tikinti işlərinə baxdığı deyilən Məhiyyəddin Fərzəliyev kimə arxalanaraq, iş adamlarına külli midarda “pul atıb”?

– Yaxud Məhiyyədin Fərziyev nə üçün bütün problemlərin mediaya çıxmasında maraqlıdır və o, bu halda Bəylər Əyyubova nələri açıqlamaq istəyir?

– Bakıda övladı oğurlanan və azad olunması qarşılığında Zaman Təhməzovun ona olan 500 min manata yaxın borcundan imtina etməyə məcbur edilən iş adamı kimdir?

Bu və digər şok sualların cavabını tezliklə “Hürriyyət”də oxuya biləcəksiniz. Bizi izləyin!

Hurriyyet.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir