İdarəetmədə ən önəmli məsələlərdən biri verilən qərarların faydalılığı, əsaslılığıdır. Əsaslılıq isə mahiyyətinə görə iqtisadi əsaslılıq, sosial əsaslılıq, ekoloji əsaslılıq kimi şaxələnə bilər. Təəssüf ki, Bakı şəhərində ən çox sınaqdan çıxan və əldən-ələ gəzən sahələrdən biri nəqliyyatın idarə olunmasıdır.
2018-ci ildə bəh-bəhlə yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) – 2023-cü ilin aprel ayında ləğv edilərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradıldı.
Hər gələn öncəkindən fərqli nəsə etdiyini göstərmək üçün mövcud sistemi söküb, yerinə yeni sistem gətirməkdə pərgardır. AYNA da bu “ənənəyə” sadiq qaldı.
AYNA gələndən sonra “iş gördüyünü” göstərmək üçün şəhərin bir sıra küçələrində və prospektlərində hər hansı hüquqi, iqtisadi, ekoloji əsaslandırma təqdim etmədən 15 noyabrdan etibarən hərəkətin sürətini 10-30 km aşağı saldı. Şəhərin əsas nəqliyyat ağırlığını daşıyan H. Əliyev və Z. Bünyadov prospektləri, hava limanı yolu da bu “islahatdan” nəsibini aldı.
Əlbəttə bu kimi qərarlar veriləndə hədəflərdən biri də büdcədən nə qədər çar-çur olunacağıdır. Bütün yollarda, prospektlərdə minlərlə yol nişanının sökülməsi, yenilərinin hazırlanması və asılmasına əminəm ki, külli miqdarda pul “xərcləməli” oldular. Bunun detallarını araşdırmaq jurnalistlərin işidir. Nə var ki, bu işi peşəkar görən jurnalistlərin artıq bir çoxu həbsdədir (Hafiz Babalı, Sevinc Vaqifqızı kimi). Mən büdcə xərcləmələrinin miqyasına görə bu tətbiqi hədəfə çıxarmamışam. Məqsədim fərqlidir.
Son statistikalara görə Azərbaycanda 1,8 milyona qədər avtomobil var. Bunun milyonundan çoxunun Bakıda olduğu məlumdur. Bu avtomobillərin əksəriyyəti gün ərzində hərəkətdə olur.
Praktikada mən hər gün eyni saatda Yeni Yasamaldan Nərimanova Ziya Bünyadov prospektindəki yolla 12 km-lik bir yolu ağır tıxacları da nəzərə alsaq 28-30 dəqiqəyə gedə bilirdim. Saatda ortalama sürətim 25 km olurdu. Bunun üçün təxminən 100 km üçün 10 lt yanacaq sərf olunurdu. Halbuki, maşının fabrika istehsalı standartı şəhər içi 100 km=6,9 lt, trassda 4,4, qarışıq 5,3 nəzərdə tutulub. (!)
AYNA-nı son qərarından sonra tam bir ay keçdiyinə görə müqayisə imkanım var. Hər gün statistikanı nəzərdən keçirəndən sonra şəkildə gördüyünüz mənzərə orta statistik mənzərədir. Yağış filan olanda bundan daha ağır mənzərə olur. Bu gün sadəcə sakit havada, yağışsız, küləksiz nəticə belədir.
12km- 56 dəq. Orta sürət 14km/saat, otra yanacaq sərfiyyatı 14,6 lt/100km.
Bunu paylaşmaqdakı məqsədim görünməyən statistikanı hissetdirməkdir.
AYNA-nın qərarından sonrakı bir ayda yanacaq sərfiyyatı 46% yüksəlib. Bu 1 milyon maşının (Maşınların 99% yanacaqla hərəkət edir) yanacağa sərf etdiyi vəsaitin 46% artması deməkdir.
İqtisadi baxımdan Bakıdakı hər maşın gündəlik 40 km yol qət etdiyini və həftənin 5-6 gününü (ildə 300 gün) hərəkətdə olduğunu ehtimal etsək, 40 km üçün 4 lt yox, artıq 5,84 lt yanacaq sərf etməlidir.
1 000 000 (Avtomobil) * 1,84 (lt) * 300 (gün)= 552 milyon lt * 1,2 manat (dizel 0,8 AZN, Aİ92 1 AZN, Aİ95 2 AZN) = 662,4 milyon manat
Gördüyünüz kimi qaba hesablama ilə sadəcə AYNA-nın sürət azaltması ilə hər avtomobilin yanacaq sərfiyyatının gün ərzində 1,84 lt artması sürücülərin xərclədiklərindən il ərzində toplam 662,4 milyon manat əlavə xərcləməsi ilə nəticələnir.
Bunun ekoloji fəlakət tərəfinə gəldikdə orta hesablamalara görə bir il ərazində 1 lt yanacağın ətraf mühitə buraxdığı karbon dioksit qazının miqdarı 2,6-2,7 kq-dır. Yəni AYNA-nın sürət azaltma qərarı ilə sadəcə hər litr yanacağa görə Bakı şəhərində hər maşının gündəlik artan 1,84 lt yanacaq sərfiyyatı il ərzində 49 milyon 680 min kq (49 min 680 ton) əlavə karbondioksit qazının ərtaf mühitə buraxılmasıdır.
Sosial həyatamıza təsirinə gəldikdə 1 milyon sürücünün yollarda gündəlik sərf etdiyi müddət ortalama 96 dəqiqədən 140 dəqiqəyə çıxmaqla il ərzində 220 saat yaxud 9,16 gün artıb. (300 gün *44 dəq=13296 dəq.) Bu 1 milyon insanın il ərzində toplam 27 milyon 500 min iş gününün itirilməsidir.
Mən bu yazımı qələmə alarkən əlavə statistikaların da araşdırılmasını məmnuniyyətlə istərdim. Bu qərarla şəhərdə piyada vurulmaları, piyada ölümləri, avtomobillərin qəza törətməsi necə dəyişib? Ümumiyyətlə dəyişibmi? Xüsusilə 2023-ci ilin noyabr-dekabr ayları ilə 2022 və ondan öncəki 5 ilin noyabr-dekabr aylarından necə fərqlənir?
Çünki, yuxarıda da vurğulamışam, Heydər Əliyev, Ziya Bünyadov, hava limanı yollarında piyadaların yola girişi nəzərdə tutulmayıb və yol qapalı yoldur. Yəni bu yollarda sürətin 20 km aşağı salınmasını piyadaları qorumaq bəhanəsi ilə örtmək olmaz. Tam tərsi, sürəti azaltmaqla piyadalar qanunsuz olaraq yola girməyə təhrik edilmiş də ola bilər.
Müəllif: Ələsgər Məmmədli, Media eksperti və hüquq müdafiəçisi
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…