Cəmiyyət

“Bizdən alınan rüşvəti 20 dəfə qaldırıblar” – Naxçıvanlı sahibkarlar

Naxçıvanda topdansatışla məşğul olan bir qrup ticarətçi onlardan vergi adı altında iri məbləğdə pul tələb olunduğunu bildirir.

Sahibkarlar bu barədə “Gündəlik Naxçıvan”a danışıblar.

Onların sözlərinə görə, bu məbləğ ticarət dövriyyəsindən asılı olaraq, adambaşına illik 30-80 min manat arasında dəyişir.

Topdansatışla məşğul olan sahibkar T. Qasımov deyir ki, bu məbləğ bundan əvvəl 2-4 min manat arasında dəyişirmiş:

“Sahibkarlardan qanunsuz olaraq hər ay 200-500 manat pul alınırdı. Hər il ilin sonunda isə, dövriyyəyə uyğun olaraq, vergidən əlavə 2-4 min rüşvət şəklində yığılırdı. Bu il məbləğləri o qədər artırıblar ki, bunu ödəmək mümkün deyil. Axı bu, insafsızlıqdır. Bir ilin içərisində rüşvəti 20 dəfə qaldırıblar. Bu sahibkarın iflası deməkdir. Elə böyük topdansatış mərkəzləri var ki, onlardan 30, 40, hətta 80 min pul tələb olunur. Məcbur edirlər ki, verməlisiniz. İndi nə edəcəyimizi bilmirik. Sahibkarların hamısı təhdid altındadır”.

Adının çəkilməsini istəməyən digər sahibkar deyir ki, illik dövriyyəsi 300 min manat civarındadır. O bildirir ki, qanuni vergilərini hər ay artıqlaması ilə ödəsə də, indi ondan əlavə 30 min manat tələb olunur:

“Əvvəlllər ilin sonunda qanunsuz olaraq 2 min alırdılar. İndi 30 min manat istəyirlər. Belə çıxır ki, biz ancaq işləyib pulu bunlara verməliyik. Bizim də övladlarımız var. İndi keçiblər elekton sistemə. Hər şey şəffafdır və vergi hər şeyə nəzarət edə bilir. Mən qanunsuz heç bir iş görməmişəm.

Tələb etmədikləri pulu verməyəndə də qanunsuz kameral yoxlama tətbiq edirlər. Lazım olmayan və əsassız sənədlər tələb edirlər. Bir il əvvəl Naxçıvandakı dəyişiklikdən sonra bütün sahibkarlar sevinirdik ki, artıq bütün qanunsuzluqlara son qoyulacaq, bizi incitməyəcəklər. Lakin əksinə oldu. Qanunsuzluqlar daha da artıb. Sahibkarları daha çox yükləməyə başlayıblar. Artıq boğaza yığılmışıq. Bunlardan canımı qurtara bilsəm fəaliyyətimi dayandırıb, Naxçıvanı tərk etməyi düşünürəm”.

Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir