Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq, dekabrın 25-26-da Sankt-Peterburqa gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir. Bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib. O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq”. Erməni politoloq Suren Surenyants da deyib ki, Paşinyan Aİİ liderlərinin Sankt-Peterburq görüşünə mütləq gedəcək və hətta Putinlə ikitərəfli görüş keçirməyə çalışacaq. Onun fikrincə, Nikol ölkənin Aİİ üzvlüyünü qoruyub saxlamağa çalışacaq, çünki indiki mərhələdə Ermənistanın bu təşkilatdan çıxması tam dağılmasına gətirib çıxaracaq: “Paşinyan həm Qərbin Ukraynadakı tam fiaskosunu, həm də Qərbin zəmanətlərinin qiymətini mükəmməl görür. Baş nazir başa düşür ki, ən azı indiki mərhələdə Qərbin zəmanətlərinə bel bağlamaq çətindir. Paşinyan çox gözəl bilir ki, Qərbin cazibədar bəyanatlarının arxasında heç nə yoxdur, tam sıfır. Bu baxımdan da İrəvan hakimiyyəti Rusiya ilə münasibətləri böhrandan çıxarmağa çalışacaq. Paşinyan həm Qərbə, həm də Rusiyaya eyni dərəcədə lazımdır. Qərb Paşinyandan Rusiyaya qarşı silah kimi istifadə edirsə, o zaman Paşinyan Rusiya üçün sadəcə bir hədiyyədir. Çünki indiki reallıqda Moskvanın Bakı və Ankara ilə razılaşmalarına görə məsuliyyəti Ermənistandakı anti-Rusiya hakimiyyətinin üzərinə qoymaq çox asandır. Əslində, Rusiya Ermənistanın Qərbə üz tutmasından çox da qorxmur. Moskva başa düşür ki, Paşinyan ancaq müəyyən nöqtəyə qədər gələ biləcək, sonra proses dayanacaq. Çünki nə Qərb Ermənistanı qəbul etməyə, nə də Ermənistan irəliləməyə hazırdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər erməni rəsmilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərt tənqid etsələr, son zamanlar qurumun toplantılarına qatılmasalar və “bu təşkilatın Ermənistana heç bir faydası yoxdur” desələr də, birdəfəlik yolları ayırmaqdan açıq-aşkar ehtiyat edirlər:
“Çünki Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib. Vaşinqtonun və Brüsselin İrəvana belə bir təminat verməsi mümkün də deyil. Ermənistan NATO üzvü ola bilməyəcək. Qərbdə isə NATO-dan başqa üzvlərini qoruyacaq təhlükəsizlik qurumu yoxdur. Ona görə də erməni rəsmiləri hələ bir müddət də KTMT-yə daş atmaqla məşğul olacaqlar, ancaq ardını gətirməyəcəklər. Kreml sahibi Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı “Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcək” cümləsiylə hədələyib. Yəni Putin Paşinyana demək istəyib ki, “Sənin bütün şıltaqlıqlarına dözdük, ancaq qırmızı çizgilərimizi keçməməlisən”. KTMT-nin baş katibinin İrəvana səfəri də mühümdür”.