Çexiyada universitetə silahlı hücum edən şəxs daha əvvəl bir körpə və atasını öldürüb – YENİLƏNİB
Çexiya paytaxtı Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində 14 nəfəri güllələyən tələbə, dekabrın 15-də paytaxt yaxınlığında yerləşən parkda 32 yaşlı kişini və onun iki aylıq uşağını qətlə yetirib.
Bu barədə Çexiya polisinin mətbuat xidməti “X” sosial şəbəkə platformasında məlumat verib.
“Aparılan ballistik ekspertiza nəticəsində parkda istifadə edilən silahların universitetdə atışma həyata keçirən şəxsin yaşadığı evdə tapılan silahlarla eyni olduğu məlum olub”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, polisin daha əvvəl verdiyi məlumata görə, dekabrın 15-i günorta saatlarında Klanoviski parkında gəzintiyə çıxan kişi və uşaq arabasındakı iki aylıq qızı odlu silahla qətlə yetirilib. Cinayətin motivləri bəlli deyil. Bununla bağlı Çexiya mediası Karl Universitetində atışma törədən şəxsdə mümkün psixi problemlərin olması ilə bağlı məlumat verib.
Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma nəticəsində 14 nəfər həlak olub. Atışmanı 24 yaşlı tələbə David Kozak həyata keçirib və onun zərərsizləşdirilməsi üçün polis tərəfindən əməliyyat başladıqdan sonra intihar edib. Həmçinin paytaxt xəstəxanalarının məlumatlarına əsasən, hadisə zamanı 27 nəfər xəsarət aldığı barədə də məlumatlar var.
Mənbə: TASS
21:27
Çexiya polisi Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı hücum təşkil edən tələbənin hərəkətlərinə haqq qazandıran dörd nəfəri saxlayıb. Saxlananlar arasında həmçinin 14 yaşlı məktəbli də olub.
Bu barədə jurnalistlərə respublika polisinin rəhbəri Martin Vondraşek məlumat verib.
Məlumata görə, Olomouski diyarında (respublikanın şimal-şərqində) orta məktəblərdən birinin şagirdi olan 14 yaşlı oğlan təhsil aldığı məktəbdə kütləvi atışma törədəcəyini bəyan edib. Tələbə yetkinlik yaşına çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.
Vondraşekin sözlərinə görə, polis Praqada atışma törədən tələbənin ailəsini təhdid edənlərə qarşı da tədbirlər görür.
Xatırladaq ki, atışmada intihar edən cinayətkar da daxil olmaqla ümumilikdə 15 nəfər ölüb.
Mənbə: TASS