Cəmiyyət Sosial

Pul qazanmaq üçün: Quru sərhədləri açmaq lazımdır… – ÇAĞIRIŞ

“Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş aparır”.

Bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın “Sağlamlıq Turizmi Assosiasiyası” ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində fəaliyyət planı hazırlanır.

Ümumiyyətlə, Naftalan neftinin sertifikatlaşdırılması nə dərəcədə əhəmiyyətlidir? Bu, Naftalanda turizmin inkişafına necə təsir göstərəcək? Sertifakatlaşdırılmanın həyata keçirilməsi xarici ölkələrdən turist axını cəlb edə bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Naftalan neftinin sertifikatlaşdırılması beynəlxalq səviyyədə tanıtım üçün lazımdır:

“Sovet dövründən bəri Naftalanda müalicəvi turizm inkişaf edib. Bu sağlamlıq mərkəzi postsovet məkanında az-çox tanınıb. Mərkəzi Asiya ölkələrindən Naftalana çox turist gəlir. Amma Naftalan Sağlamlıq Mərkəzi beynəlxalq səviyyədə tanınmayıb. Beynəlxalq tanıtımın olması üçün sertifikatlaşdırılmanın aparılması lazımdır.

Yalnız buna nail olduqdan sonra xarici şirkətlər öz müştərilərinə Naftalana getməyi tövsiyə eləyə bilərlər. Buna görə də sertifikatlaşmaya ehtiyac var. Xarici ölkələrin vətəndaşları əmin olmalıdırlar ki, onlar bu sağlamlıq mərkəzində heç bir problemlə üzləşməyəcəklər. Beynəlxalq sertifikatlaşdırılmanın aparılması Azərbaycanda sağlamlıq turizminin inkişafına müsbət təsir edə bilər”.

Ekspert bildirib ki, əgər bu baş verərsə, əlavə turizm gəlirlərinin axınına gətirib çıxaracaq:

“Beynəlxalq sertifikatlaşdırılmanın aparılması nəticəsində yerli və xarici şirkətlər daha rahat şəkildə turistləri cəlb edə biləcəklər”.

N.Cəfərli əlavə edib ki, sertifikatlaşdırılmanın aparılması ilə yanaşı, digər addımlar da atılmalıdır.

“Xarici ölkələrdən turistləri cəlb etmək üçün aviaşirkətlər ilə əməkdaşlıq etməklə bərabər, quru sərhədləri də açmaq lazımdır. Sərhədlər açılandan sonra Naftalan və ölkədəki digər sağlamlıq mərkəzlərinə qonşu ölkələrdən xeyli turist gələcək. Xüsusilə, Naftalan insanların sağlamlığı üçün unikal və nadir yerlərdən biridir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir