Bakının “Nizami” metrostansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardla bağlı qalmaqal böyüyür.
“Cebhe.info” xəbər verir ki, müştərilərə dələduzluq etdiyi iddiası ilə gündəmə gələn lombard rəhbərliyinin son addımı vəziyyəti kəskinləşdirib.
Belə ki, “Lombard Xəyal” kimi tanınan şəxs tərəfindən müştərilərə 29 dekabra qədər vaxt verilmişdi. Onlara həmin tarixə qədər qızıllarının qaytarılacağı vəd olunmuşdu. Lakin görünən odur ki, vədlər yenə də yerinə yetirilməyəcək.
Çünki lombardın yerləşdiyi obyekt artıq icarəyə verilib. Bununla bağlı məlumat lombardın qapısına yapışdırılıb. Xatırladaq ki, müştərilər sözügedən lombarda borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Onlara daha öncə də qızılların 15 gün sonra veriləcəyi deyilsə də, bu, baş tutmamışdı.
Qızıl girovlarını heç bir şəkildə geri ala bilməyən şikayətçilər Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan “Lombard Xəyal” olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.
Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər var. Dələduzluğa məruz qalanlar arasında “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin əməkdaşı da var.