Cəmiyyət

Perinatal Mərkəzdə faciə: 4 körpənin meyiti tapıldı

 

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.

Açıqlamada bildirilir ki, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.

Qeyd olunur ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub:

“Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.(Modern)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir