“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.
“Zirvə yolu”nun “Azərişığ”a istinadən verdiyi məlumata görə, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisu ərazisində 110/35 kV-luq yarımstansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir.
Qeyd edilən kəndlərdə yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki qospitalda, həmçinin Cermux, Yellicə, Zəylik, İstisu, Zod, Zar, Yanşaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb.
Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Qorçu və Tiğik istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Rayonun Şəlvə, Malıbəyli, Qaragöl, Cağazur və Minkənd kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb.
Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.