Bakıda sexdəki yanğın tam söndürülüb, 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb – YENİLƏNİB-10
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Zirvə yolu” xəbər verir ki, FHN-dən bildirilib ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
Məlumata görə, xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakıda sexdəki partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.
“Zirvə yolu” xəbər verir ki, hazırda əraziyə gətirilən itlərin sayı 3-dür.
13:49
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Zirvə yolu” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
“Zirvə yolu” xəbər verir ki, TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
Sexdə baş vermiş partlayış-yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
“Zirvə yolu” xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.