“Azərbaycan Dəmir Yolları” QSC -nin fəaliyyəti niyə araşdırılır? – Etimadsızlıq məsələsi, yoxsa?..
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətində nöqsanların olduğu haqda məlumatlar tez-tez gündəmə gəlir. Bu yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin QSC haqqında qanunvericiliyin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırması bu məlumatları təsdiq etdi.
Dövrü mətbuatda “Azərbaycan Dəmir Yolları”nın özəl nəqliyyat şirkətləri arasında ayrı-seçkilik etdiyi, maxinasiyalara yol verdiyinə dair informasiyalar yayıldı, lakin ADY bu informasiyaları təkzib etməklə kifayətlənir, qaldırılan problemlərin həlli ilə bağlı heç bir addım atmırdı.
Nəhayət məsələ dövlət tərəfindən rəsmi şəkildə ortaya çıxarıldı…
Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətlərindən Dövlət Xidmətlərinə Dəmir Yolları ilə bağlı müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib. Dövlət Xidməti tərəfindən aparılan araşdırmanınm nəticəsində məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC-də belə demək mümkünsə, özbaşınalıq hökm sürür. ADY sözün həqiqi mənasında bazarda “at oynadır”. Rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.
Dövlət Xidmətinin araşdırması nəticəsində ortaya çıxan bu fakt nə yeni deyil, nə də təəccüblü. Çünki “Azərbaycan Dəmir Yolları” QSC-də bu cür maxinasiyalar və qanunsuzluqlar uzun müddətdir davam edir və təkcə Dövlət Xidmətinin ortaya çıxardığı faktlarla da yekunlaşmır. Bir neçə fakta diqqət etmək ADY-nin fəaliyyətindəki acınacaqlı vəziyyəti ortaya çıxarmağa kifayət edir. Misal üçün, Bakı-Sumqayıt qatarından bir dəfə istifadə etmək, Dəmir Yollarındakı yarıtmaz işi görməyə bəsdir.
Mütəmadi olaraq qatarlarda yaranmış nasazlıq sərnişinlərin narazılığına səbəb olur. Çünki bəlli olmayan və açıqlanmayan səbəblərə görə hansısa qatarların hərəkətində davamlı gecikmələr yaşanır. Bununla yanaşı, Bakı-Sumqayıt xətti üzrə qatarların sayının az olması müəyyən edilmiş intervalın da uzunmüddətli olmasına gətirib çıxarıb. Görünür, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi paytaxtımızdakı tıxacların aradan qaldırılmasında mühüm rol oynayan və gün ərzində minlərlə insanın Sumqayıtdan Bakıya və ya Bakıdan Sumqayıta gəlib-getməsində maraqlı deyillər. Ən əsası da belə nəticə çıxır ki, ADY sərnişinlər arasında süni şəkildə ciddi narazılıqların yaranmasında maraqlıdır. Əks halda, “Azərbaycan Dəmir Yolları” QSC qatarların sayı və intervalın uzunmüddətli olması və bunun nəticəsində yaranmış mövcud problemlərin və narazılıqların qaradan qaldırılması üçün hökumətə təkliflər verməli idi. Qurumun bu normalara riayət etməməsi özbaşına fəaliyyət göstərdiklərinin bariz nümunəsidir. Belə görünür ki, hökumətlə məsləhətləşərək koordinasiyalı şəkildə fəaliyyət göstərmək“Azərbaycan Dəmir Yolları” QSC-nin maraqlarına uyğun deyil. Çünki ADY-nin Bakı-Sumqayıt marşrutu da daxil olmaqla dəmir yollarında maxinasiyalar həyata keçirdiyi haqda məlumatlar var. Hökumətlə koordinasiyalı şəkildə işləyəcəkləri təqdirdə, bu maxinasiyalar ortaya çıxacaq və müftə “qazanc”dan məhrum olacaqlar. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları və ortaya çıxan faktlar bütün bunları sübut etdi.
Burada əsas məqam “Azərbaycan Dəmir Yolları” QSC-nin yarıtmaz fəaliyyətinin qurumun tabe olduğu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ayağına yazılması cəhdidir. Halbuki, “Azərbaycan Dəmir Yolları” QSC bu nazirliyin tərkibinə daxil edilsə də, orada uzun illər formalaşmış “mafiya sistemi”nin mövcud olduğu və törədilən qanunsuzların da məhz özfəaliyyətdən qaynaqlandığı sirr deyil. Hətta, Rövşən Rüstəmovun ADY-nin rəhbərliyinə gəlişi zamanı bu problemlərin aradan qalxacağı gözləntisi vardı, lakin heç nə dəyişməyib və Dövlət Xidmətinin yaydığı rəsmi məlumat bunun bariz sübutudur. Görünən odur ki, nə “Azərbaycan Dəmir Yolları” QSC, nə də ona rəhbərlik edən Rövşən Rüstəmov Rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin etimadını doğrultmur.
Demokrat.az