“Məlumdur ki, 2020-ci ildəki 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə dərhal başlanılan yüksək səviyyəli yenidənqurma və bərpa işləri bütün miqyası ilə davam edir. Bu işlərin aparılmasına, vacib infrastruktur layihələrinin həyata keçirilməsinə dövlət büdcəsindən milyardlarla manat vəsait xərclənib və xərclənir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı bildirib ki, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb. Keçən il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub.
“Cari il ərzində məcburi köçkünlərin qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bütün bunları öz daxili imkanlarımız hesabına həyata keçirilir, yəni heç bir donor təşkilatı, digər tərəfin və sairənin köməyindən istifadə edilmir. Yalnız, Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı qardaş dəstəyi göstərilib ki, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır”-deyə o əlavə edib.
İqtisadçı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinə 2024-cü ildə 3825,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya 20,3% azdır. İlin ortasında bu vəsaitə yenidən baxılma ehtimalı var.
“Bütün bunlar işğaldan azad olunan ərazilərimizin mövcud iqtisadi potensialından – saneyə imkanları, istehsal imkanları, kənd təsərrüfatı məhsulları istehsalı imkanları, turizim üçün mövcud olan imkanlar və s. bunlardan istifadəyə nail olmaq və ümumən daxili məhsul istehsalında əhəmiyyətli dərəcədə ilərləyiş əldə etməkdir.
Əvvəlcədən qeyd edildiyi kimi işğaldan azad olunan ərazilərin mövcud potensialı ölkə iqtisadiyyatına əlavə 40-45 faiz güc qatmaq imkanı yaradır. Bu da böyük bir gücdür, böyük bir potensialdır. Tikinti materialı istehsalı, kənd təsərrüfatı istehsalı,saneyə və s. bu sahələrdə bilvasitə dövlətin, hökümətin qarşıya qoyduğu vəzifə qeyri-qaz, qeyri-neft sektorunu inkişaf etdirmək, o hədəfə, o məqsədə bilavasitə birbaşa olaraq xidmət edir”-deyə iqtisadçı bildirib.