Həyat bizim qarşımıza dəfələrlə şans çıxarır. Lakin onlardan elələri var ki, həyatımızı dəyişməyə, ani təsadüflə həyatımızı parlatmağa qadir ola bilir. Məsələn, cəmi bir-iki filmə çəkilməklə, ömür boyu məşhur olan, əfsanəyə çevrilən, indi haqqında bəhs edəcəyimiz şəxslər kimi.
Beləliklə, “Ölkə.Az” bir obrazla məşhurlaşan əfsanələr haqqında kiçik araşdırmanı təqdim edir.
Süleyman Ələsgərov -1915-ci ildə doğulan, əsl ixtisası iqtisadçı olan aktyorun çəkildiyi yeganə film ”Bizim Cəbiş müəllim”dir. Ələsgərov daha bir neçə filmdə epizodlara çəkilsə də, demək olar ki, onların heç biri yadda qalmayıb. Ancaq buna rəğmən, o, ömrünün altmış üç ilini teatra həsr edib.
Aqil Ağacanov -”Bizim Cəbiş müəllim”dəki Makedon rolu ilə tanınan aktyor 1949-cu ildə Bakının Pirşağı kəndində anadan olub. Əsl peşəsi kababçıdır. Onu Bakı kəndlərində ”kababçı Aqil” kimi tanıyırlar. Aqil Ağacanovun filmə çəkilməsi də elə təsadüf nəticəsində olur. Belə ki, o, rejissor Həsən Seyidbəyli ilə nərd oynayır və mərc gəlir ki, əgər rejissor uduzsa, onu filmə çəkəcək. Və beləcə hamımızın Makedon kimi tanıdığı Ağacanov məşhurlaşır.
Səyavuş Şəfiyev -1937-ci ildə anadan olub. Əsl peşəsi sirk artisti olan aktyor bir neçə filmdə rol alsa da, 1963-cü ildə çəkildiyi “Əhməd haradadır” filmi ilə məşhurlaşaraq, aktyor kimi tanınıb.
Gündüz Abbasov- 1930-cu ildə sənətçi ailəsində doğulan, elə bu səbəbdən də incəsənətə marağı böyük olan aktyoru ”Bir qalanın sirri” filmi məşhurlaşdırmışdı. Gündüz Abbasov eyni zamanda yazıçı kimi də tanınır. Aktyorun son çəkildiyi film isə “Yuxu” (Hidayət əmi) olub. Bu arada qeyd edək ki, film ekranlara çıxanda G.Abbasov həyatda deyildi.
“Bəxt üzüyü” filmində Hüseynin qızı Sevinc obrazı ilə tanınan sima hazırda həkim kimi fəaliyyət göstərir.
“Şərikli çörək” filmindəki Vaqif obrazıyla məşhurlaşan Kamran Rəcəbli 1960-ci ildə anadan olub. Doqquz yaşında bütün ölkənin tanıdığı aktyor, hazırda Amerikada yaşayır, 2 övladı var.
Fərhad Yusifov -1954-cü ildə doğulan ”Dədə Qorqud” filminin Turalı hazırda Kanadada yaşayır. Aktyor adını Mark Josef olaraq dəyişib və ssenarist kimi fəaliyyət göstərir. Kiçik epizodlu filmlərə çəkilən aktyora məşhurluq qazandıran əsas ekran işi ”Dədə Qorqud” filmidir. Fərhad Yusifov 2015-ci ildə ”Rusiya kinosu festivalında” yüksək mükafata layiq görülüb.
Nona Paçuaşvili -1943-cü ildə Tbilisidə doğulub. Aktrisa həyatı boyu sadəcə bir neçə filmə çəkilib. Yaddaşlarda daha çox ”Əhməd haradadır” filmində yaratdığı Ceyran obrazı ilə qalan Nona, öz ölkəsində xoreoqraf kimi tanınır. Nona Paçuaşvili 1981-ci ildən Gürcüstanın Xalq artistidir. Hazırda ”Şota Rustavelli” adına dram teatrının aktrisasıdır.
Azər Qurbanov -”Sehirli xalat” filmində Rəşid obrazı ilə hamının sevimlisinə çevrilən aktyor 1955-ci ildə anadan olub. Bir neçə filmə çəkilən Qurbanov 2013-cü ildə verdiyi müsahibəsində qeyd edib ki, ”vaxt ildırım sürəti ilə keçir, nə vaxtsa kinoya çəkildiyimi unutmuşam”. Azər Qurbanov 1992-ci ildən Amerikada yaşayır.
Arif Mirzəquliyev -1931-ci anadan olub. İxtisasca həkim-nevropatoloq olan aktyor cəmi iki filmə çəkilərək yaddaşlara ömürlük həkk olunub. Bunlardan biri ”O olmasın, bu olsun”, digəri isə ”Görüş” filmidir. Atasının xahişindən sonra aktyorluq sənətindən əl çəkib, ömrünün sonuna kimi həkim kimi fəaliyyət göstərir.
İnarə Quliyeva – 1950-ci ildə Moskvada anadan olan aktrisa yaddaşlarda ”Qaynana” filminin Afəti və ”Alma almaya Aişə müəllimə obrazı ilə həkk olunub. Aktrisa həyatını sonradan Moskva ilə bağladığı üçün tamaşaçılar təəssüf ki, bizim ekranlarda görə bilmədilər. Hazırda Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Qeyd edək ki İnarə Quliyeva Rusiyanın əməkdar artistidir.
Tamilla Rüstəmova-1936-cı ildə Bakı şəhərində Səid Rüstəmovun ailəsində anadan olub. Əsl ixtisası fortopianoçu olan aktrisa təhsil aldığı Qnesinalar adına musiqi institunun tələbəsi vokalçı Olgred Krastınşa ərə gedərək Riqaya köçüb. Məhz buna görə də Tamilla Rüstəmovanı çox az obrazlarda xatırlayırıq. Aktrisanın ən yadda qalan rolları ”Ulduz” filmində Ulduz və ”Böyük dayaq” filmində Maya bacı obrazları olub.