Qazaxıstanının ən böyük elektron ticarət şirkətərindən olan «Kaspi.kz» fintex şirkətinin səhmdarları Amerikada ötən həftə keçirilən IPO zamanı 1 milyard dollar toplayıblar.
FED.az xəbər verir ki, Qazaxıstanın «Kaspi.kz» fintech holdinqinin səhmdarları Amerikanın NASDAQ birjasında IPO, yəni səhmlərin xalqa ərzi zamanı təxminən 1 milyard dollar toplayıblar.
Bir neçə gün əvvəl şirkətin hər bir səhm üçün 92 dollar olan 11,3 milyon depozitar səhmi (ADS) satılıb, bu da əvvəlcədən güman edilən 9 milyondan artıq idi. “Satan səhmdarlar anderrayterlərə yekun prospektin təqdim olunduğu tarixdən sonra 30 gün ərzində, əgər varsa, artıq payları əhatə etmək üçün 1 milyon 695 minə qədər əlavə ADS almaq imkanı veriblər.
Təklifin adi bağlanma şərtlərinə uyğun olaraq 23 yanvar 2024-cü ildə bağlanacağı gözlənilir”, – şirkət daha sonra bildirib. Səhmləri birjaya çıxan şirkətin əsassəhmdarları Vyaçeslav Kim (25% səhm), Mixail Lomtadze (23%) və Asia Equity Partners Limited (28%) idi. Qazaxıstanın «Kaspi.kz» şirkətin səhmlərinin NASDAY-da İPO-su yükək səviyyədə təşkil edilib. Yerləşdirmənin təşkilatçıları Morgan Stanley, JPMorgan və Citigroup olub.
Şirkətin səhmləri artıq yanvarın 19-dan etibarən NASDAQ-da KSPI simvolu ilə alqı-satqıya başlayacaq. Qeyd edək ki, indiyədək «Kaspi» şirkətinin səhmləri Qazaxıstanda və London Fond Birjasında alınıb-satılırdı. Şirkətin səhmləri Qazaxıstan Fond Birjasında (KASE) və Astana Beynəlxalq Birjasında (AIX) listinqdədir.
2023-cü ilin aprelində isə məlum olub ki, şirkət öz səhmlərini ABŞ birjalarında da satışa buraxmaq istəyir. 2022-ci ilin dekabrında Kaspi şirkəti ABŞ-da IPO üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib və sonrakı proseslər ötən həftə İPO ilə nəticələnib.
Xatırladaq ki, Qazaxıstanda fəaliyyətə başlayan Kaspi.kz şirkəti müxtəlif xidmətlərə malik istehlakçılar üçün Kaspi.kz Super App mobil əlavəsini, eləcə də tacirlər və sahibkarlar üçün Kaspi Pay Super Tətbiqini təklif edir. Hesabata görə, sentyabrın 30-na olan məlumata görə, Kaspi tətbiqinin aylıq orta hesabla 13,5 milyon aktiv istifadəçisi var.
Kaspi.kz sentyabrın 30-da başa çatan doqquz ayda 2,83 milyard dollarlıq gəlir əldə edib və bunun 1,27 milyard dolları xalis mənfəət olub.
İPO zamanı 1 milyard dollar vəsait əldə edən «Kaspi.kz» şirkəti Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkət Azərbaycanın üç populyar elan saytının – Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt «Kaspi.kz»ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, «Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, “Kaspi.kz” innovasiyalarının Azərbaycana ixracına başlamışıq».