Cəmiyyət

İctimai nəqliyyatın 96 dərdi və ya xoşunuz gəlmirsə, piyada gedin

“Sürücüyə problemi deyirəm, acıqlanır ki, “canın çıxsın, gözlə”

 

Avtobus dayanacaqlarındakı sərnişin sayı, normalda pik saatlarda çox olmalıdır. Bir də Bakı yağış və çətin hava şəraitinə tuş gələndə.

 

Lakin, artıq günün istənilən saatında hansısa dayanacaqda gileylənən vətəndaşları görmək olar. Misal üçün, 96 saylı xətt üzrə hərəkət edən avtobuslarla bağlı son vaxtlar sosial şəbəkədə narazılıqlar dilə gətirilir. İntervalın həddən artıq uzun tutulması, gecikmələr, avtobusların dolu gəlib-getməsi, üstəlik sürücülərin dayanacaqda saxlamamaları, saymazyanslıq etmələri insanları qəzəbləndirir.

 

Bu günlərdə AYNA əməkdaşı da belə bir halla üzləşib. Hadisə “Nizami” metrostansiyası yaxınlığındakı dayanacaqda baş verdi. 35 dəqiqə sonra dayanacağa gələn 96 saylı avtobusun sürücüsü sərnişinlərlə mübahisə etməyə başladı.

Bir qadın bildirdi ki, oğlunu məktəbdən götürdükdən sonra, yalnız bu marşrutla evə gedə bilir: “Uşaq dərsdən çıxır, bizim evə gedib çıxmağımız 1 saata başa gəlir, belə işmi olar?! Sürücüyə deyirəm, acıqlanır, deyir “mənə nə, canın çıxsın, gözlə, gözləmirsən, ayaqla get”. Dözülməz vəziyyətdir”.

 

Əslində, bu cür mübahisələrə şahid olmağa adət etmişik. Hər halda ortada vətəndaş narazılığı var və bunun aradan qaldırılması üçün aidiyyatı orqanlar tədbir görməlidir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev AYNA-ya açıqlamasında deyib ki, 96 saylı marşrutla bağlı yaşanan problem barədə daşıyıcı şirkətə məlumat verilib: “Bizim əlimizdə konkret hansı dövlət qeydiyyat nişanı olan avtobus haqqında fakt olmadığı üçün iddia qaldıra bilmirik. Bu səbəbdən bütün hallarda xəbərdarlığımızı etmişik. Əgər sərnişinlərin hər hansı narazılığı varsa, 141 saylı “qaynar xətt”ə istənilən iradla bağlı məlumatlarını bildirə bilərlər”.

 

96 saylı marşrut avtobuslarına məsul olan “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayevin AYNA-ya verdiyi məlumata görə, 96 saylı xətt üzrə hazırda 10 avtobus 8 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir: “Günün müəyyən saatlarında yollardakı vəziyyətlə əlaqələr müəyyən interval pozulmaları müşahidə edilə bilər. Çalışırıq ki, bu kimi hallardan yayınaq və sərnişinlərimizi vaxtında və rahat mənzil başına çatdıraq. Yaxın vaxtlarda xətt üzrə avtobusların sayının artırılması nəzərdə tutulub. Onu da qeyd edim ki, şirkət tərəfindən 96 saylı xətt 3 il əvvəl “Bakıkart” sisteminə qoşulub və elektron ödəniş tətbiq edilir”.

 

Məlumat üçün deyək ki, 96 saylı marşrut avtobusu vaxtilə Bakının ən işlək marşrutu olub. Sərnişinlərin fikrincə, “BakuBus” avtobusları xəttə qoşulduqdan sonra mövcud problemlər yaranıb.

 

Sərnişinlər arasında keçirdiyimiz sorğuya görə, Bakının ayrı-ayrı  marşrutları üzrə işləyən sərnişindaşıma nəqliyyatında problemlər yaşanır. Ən çox narazılıq 96, 179, 199, 6, 59, 6, 66 və 29 saylı avtobuslardandır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir