Cəmiyyət

Sumqayıtı KİM İDARƏ EDİR? – MÜƏMMA

Doğrudan da, dünya düzəlmir ki, düzəlmir! Əgər düzəlsəydi, ölkənin üçüncü şəhəri Sumqayıtı rəhbər şəxsləri bu kökə salmazdılar. Şəhərin təəssübünü çəkənlər də deyirlər ki, belə bir durumuna baxırsan, adamın ürəyi ağrıyır! Və bu zaman sual da edirlər: “Axı, barəsində ağır ittihamla cinayət işi açılan, böyük yeyinti və mənimsəmə faktları ilə ittiham olunan Gündüz Əliyev Sumqayt Şəhər İcra Hakimiyyətində necə işləyə bilir?!”. Suala birbaşa cavab verə bilmirik, lakin…

…Doğrudan da, belədir və kimə məlum deyil ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi açılan bir məmur öz vəzifəsində qala bilməz?! Lakin Gündüz Əliyevi qoruyan havadarı, Sumqayıtın oliqarx kimi özünü tanıdan icra başçısı Zakir Fərəcovdur deyə, bu mümkün olub. Bir də ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Gündüz Əliyevi Zakir Fərəcov necə qorumasın ki, qanunsuz topladığı haram milyonların əksəriyyətini Gündüz Əliyevin əliylə “qoltuğunda gizlətməyə” nail olub. Elə, onun, imzaladığı “Zəmanət məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək. Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun xətrinə dəyən tapılmır ki, tapılmır!

Yeri gəlmişkən, onu da qeyd edək ki, Gündüz Əliyev bu ilin mart ayında, törətdiyi qanunsuz əməllərə görə, Sumqayıtın icra başçısının əmri ilə, başçının müavini, həmçinin İH-nin Şəhər Təsərrüfatı şöbəsinin müvəqqəti müdiri vəzifəsindən azad olunub da. Di gəl ki, necə deyərlər, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçilərindən biri kimi, vəzifə kreslosuna elə pərçimlənib ki, heç kəs onu yerindən tərpədə bilmir. Konkret desək, faktiki olaraq, Gündüz Əliyev son bir-neçə ayda, hətta, az qala icra başçısının funksiyasını da mənimsəyərək, Sumqayıtın idarəçiliyini ələ keçirə bilib. Elə, onun bütün sahələrin işinə müdaxilə etməsi də, deyilənlərin inkarolunmaz sübutudur. Bir sözlə, şəhərdə “daşı daş üstünə qoymaq” üçün də, onun “icazəsi və razılığı” mütləq alınmalıdır. Həmin “razılığın” alınması isə, həngamə xarakterli ayrıca bir oyundur.

Xatırladaq ki, ağır ittiham altında olan Gündüz Əliyevin, doğma-yaxınları ilə birgə, məhkəmə prosesləri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baş tutdu. Di gəl ki, Gündüz Əliyevin heç bu məhkəmə prosesi də vecinə olmadı. Sanki, o, “qanun çərçivəsi” anlamını bilən də deyil. Və milyonları saxta yolla mənimsəməyin nə demək olduğunu da bilmir.

Halbuki Sumqayıtın məhkəməsi, bir-neçə il öncə, aldıqları 150 manat borcu qaytara bilməyən kasıb iki ailənin ağsaqqal başçılarına “moşennik” damğası vuraraq, 3 illik həbsə göndərdi. Milyonları mənimsəyən Gündüz Əliyev isə, bir daha, “dünya vecinə olmadığını” sübut etdi.

Bu yerdə onu da qeyd etmək istəyirik ki, onun “Zəmanət məktubu” ilə aldadılan sahibkarlar da, hakim Aynur Rzayevanın adına Müraciət hazırlayıblar və apardığı həmin məhkəmə işinə, onların iddialarını əlavə etməyi də xahiş edəcəklərini planlaşdırıblar.

Uzunçuluq olmasın deyə, dəyərli oxucularımıza məsləhət görürük ki, Zakir Fərəcova arxalanaraq, Gündüz Əliyevin milyonlar mənimsəmək eşqiylə törətdiyi bəd əməllərinin dəhşətini bilmələri üçün, araz.az xəbər portalının linkini aşağıda verdiyimiz yazısını oxumaları kifayətdir:

https://araz.az/?p=45724

Yeri gəlmişkən, sonda onu da qeyd etmək istəyirik ki, bir-neçə il öncə, əvvəllər yüksək vəzifələrdə işləmiş Sumqayıtın hər yerdə sözü keçən bir ağsaqqalı ilə tanış olmuşuq. İndi də, Sumqayıt haqqında yazdıqlarımızı oxuyandır. Ona görə ki, şəhərin təəssübünü çəkənlərdən biridir. Məhz buna görə də, hər bizi gördükcə, ürək ağrısı ilə belə deyir: “Dünya düzələ bilər, lakin bu gedişlə, zülmət quyusuna bənzər həngamələr məngənəsində boğulan Sumqayıt düzələ bilməz; Əgər düzələrsə, dediyim bu sözlərə görə: “Dədəmə lənət!” — deyərəm…”.

araz.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir