Cəmiyyət

Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib… – 6 kənd sel təhlükəsi ilə ÜZ-ÜZƏ…

Azərbaycanın ən azı 4000 illik tarixə malik ən qədim kəndlərindən biri hesab edilən Şəki rayonun Baş Göynük kəndi son dəfə 20 sentyabr 2023-cü ildə baş vermiş təhlükəli selın törətdiyi fəsadlardan sonra faktiki olaraq tamamilə məhv olmaq təhlükəsi ilə üz- üzə qalıb.
Belə ki, kənd coğrafi baxımdan şərqdən “Şin” çayı, qərbdən isə “Quru” çayın əhatəsində yerləşir. 10000 nəfər əhalisi, 20 min kv.km sahəsi olan Baş Göynük həm də Rusiya Federasiyasının dağlıq sərhəd zonasında yerləşir.
1909-cu ilin iyulun 14-də, gecə saatlarında “Şin” çayına gələn güclü sel nəticəsində kəndin yarısının evlərini yerlə-yeksan etmiş, yüzlərlə insan itkin düşmüş, 300 nəfərə qədər sakin həlak olmuşdur. Azərbaycanda 3 ən dağıdıcı dağ çaylarından biri kimi tanınan “Şin “ çay üzərində yalnız 2005-ci ildə körpü inşa edilmişdir. Son illər çay yatağının iri daş və çınqıl materialla dolması nəticəsində çayın sol sahilində yerləşən Baş Göynük, sağ sahilində yerləşən Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndləri sel təhlükəsi altında qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həmişəki kimi öz ampulasında qalaraq dolub daşan çay yatağınının təmizlənməsi üçün yerli sakinlərə qadağa qoymuşdur.
Doğrudur, 5-8 il əvvəl hökumətin “ Meliorasiya və Su Təsərrüfatı “ Açıq Səhmdar Cəmiyyətin ayırdığı milyonlarla manat dövlət vəsaiti hesabına çayın sağ və sol sahillərində istinad divarları qurulmuş, sahilbərkitmə işləri görülmüşdür.Amma bu işlərin çox keyfiyyətsiz formada aparılması yeni təhlükələrə yol açıb. Belə ki, külli-miqdarda dövlət vəsaitləri hesabına inşa edilmiş beton bəndlər hazırda yaxınlıqda yerləşən kəndləri dağıdıcı sel və daşqın təhlükəsindən qorumur, əksinə kəndlərə real təhlükə yaradan manelərə çevrilmişdir.
Belə ki, yerində apardığımız müşahidələrdən də aydın olmuşdur ki, çay öz istiqamətinə “Pasteh” adlanan ərazidən kənd istiqamətində böyük yarğan açmışdır. Bu yarğanın aşağı hissəsindən başlanan və aşağı istiqamətdə uzanan beton bəndlərin də arxa tərəfindən yeni böyük yarğan açılmışdır ki, çayın kənd istiqamətində inşa etdikləri beton bəndlər öz əhəmiyyətini ititməklə yanaşı, öz mövcudluğu ilə kəndə böyük təhlükə yaratmışdır. İstənilən anda sel və ya daşqın baş verəcəyi halda, böyük su-palçıq-daş-çınqıl kütləsi arxa tərəfdən açdığı yarğandan gələrək bəndin arxa hissəsindən öz məcrasına qayıtmağa yer tapmayaraq, elə bəndin arxa divarlarına çırpıldıqdan sonra kənd tərəfə istiqamət götürəcəkdir. Bu isə təsərrüfatlara külli miqdarda ziyan vurmaqla yanaşı böyük insan faciəsinə səbəb ola bilər.

Körpüdən 1.5 -2 km aşağı hissədə sağ sahildə görülən bənd işləri isə bu gün tam yararsız vəziyyətə düşmüşdür. Belə ki, 2 km uzunluğu olan istinad divarları daxilinə heç bir dəmir konstruksiya, sement, yuyulmuş qum və doğranmış şınqıl kütləsi işlənmədiyi üçün bu beton piltələr çox yerdə ortalıqdan “çürük pendir” kimi bölünmüş, özülləri üzdə olduqları üçün yan tərəfə əyilmişdir. Tikintidən cəmi 5-6 il sonra ciddi erroziyaya məruz qalan bu istehkam divarlarının daxilinə diqqət yetirdikdə açıq-aşkar görünür ki, beton bəndlərin daxilinə üyüdülmüş, doğranmış və yuyulmuş çınqıl əvəzinə, elə yerindəcə çay yatağından götürülərək irili-xırdalı lil basmış daşlardan istifadə edilərək beton bloklar düzəldilmişdir. Elə ona görədə 3-4 il ərzində hamısı tam yarasız vəziyyətə düşmüşdür. Bir sözlə, Şin çayı sahilində məskunlaşmış və 20000 əhalinin yaşadığı kəndlərin sakinlərinin həyatlarının hamısı risq altına düşmüş, kəndlərin çoxu Yer üzündən silinmək təhlükəsilə üzləşmişdir.
Ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmuşdur. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülmür. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC isə yalnız qaçılmaz fəlakət baş verəndən sonra yada düşəcəkdir. Çoxsaylı insan taleyinə biganə yanaşan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ ASC rəhbərliyinin və onların sifarişləri nəticəsində milyonlarla pulu mənimsəyən tərəflərin fəaliyyətinin vaxtında araşdırlması, çoxsaylı insan itkilərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və dağıdıcı təbii fəlakət baş verənədək ( may 2024-cü ilə dək) bir zəruriyyətə çevrilmişdir.
Doğrudur, hələ iki il altı ay əvvəl bizim bir mətbu orqan olaraq vəzifə borcumuzu yerinə yetirərək böyük ictimai və dövlət əhəmiyyətli məsələni hələ 2021-ci ilin noyabrında yazdığımız araşdırma məqaləni foto və videomateriallar əsasında ictimailəşdirmiş və tədbirlər görülməsi üçün bütün aidiyyatı yuxarı orqanlara göndərmişdik. Bəs o zaman nəticəsi necə olmuşdur?

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə heyətinin sədr müavini cənab Zakir Quliyevin imzası ilə Baş Prokurorluğun müraciətlər və işlərin təşkili şöbəsinin rəisi müavini cənab Yadigar Aslanova və redaksiyamıza daxil olan 30 dekabr 2021-ci il tarixli, 11/15-1141 saylı rəsmi məktubda yazdıqlarımızın bir hissəsi etiraf olundu və regionda sel təhlükəsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə zəruriyyət yarandığı da rəqəmlərlə qeyd edildi: Bir sözlə, ASC rəhbərliyi faktiki tədbirlər planı həyata keçirmək əvəzinə Baş Prokurorluğa və redaksiyamıza formal arayış təqdim etməklə işini bitmiş hesab etdi. Məktubda yazılır:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC- tərəfindən Şinçay çayında mühafizə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq Asiya İnkişaf Bankının “Selə qarşı Tədbirlər” Layihəsi üzrə 2006-2008-ci iillərdə 1430 pm və AR Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 2011-2013-cü illərdə dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına 1045 pm uzunluğunda daşlı-beton mühafizə bəndi tikilmişdir.Eyni zamanda AR Prezidentinin müvafiq Sərəncamı ilə “Sel və daşqın təhlükəli çayların qəza vəziyyətinin aradan qaldırılması tədbirləri”nə ayrılmışvəsaitdən istifadə edilmişdir.
Eyni zamanda bildiririk ki, müraciətdə qaldırılan məsələ Səhmdər Cəmiyyətin göstərişi əsasında onun mütəxəssisləri tərəfindən yerində araşdırılmış, sel təhlükəli ərazilərə və qəzalı vəziyyətə düşmüş mövcud bəndlərə ətraflı baxış keçirilmişdir.. Məlum olmuşdur ki, yağan intensiv yağışlarla əlaqədar çayda suyun artması ilə əlaqədar sel və daşqın sularının gətirdiyi bərk suxurların təsirindən və suyun axın surətinin böyük olması nəticəsində uzunmüddətli yan sahilboyu və dib yuyulması prosesləri güclənərək mövcud bəndlərin dayanıqlığı vəziyyətinə mənfi təsir göstərmişdir. Şin çayında 2595 pm uzunluğunda bəndlər tikilmişdir. Mütəxəssilər bu təhlükənin aradan qaldırılması məqsədilə çay yatağının qəzalı vəziyyətə düşmüş, uzunluğu 300 m olan istinad divarının bərpası məqsədəuyğun hesab edilmişdir.
Müraciətdə qeyd edilən qəzalı vəziyyətdəki daş –beton bəndlərin tikintisi işlərinin yerinə yetirilməsi zamanı istifadə olunan inşaat materialları tələb olunan tikinti norma və qaydalarınauyğun olması ilə əlaqədar bildirirk ki, tikinti müddətində götürülmüş beton, qırmadaş və qum nümunələrinin sınaq nəticələri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət DA-nin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılmışdır. Sınaq nəticəsinə əsasən inşaat materialları texniki xassələrinə görə mövcud standartların tələblərinə uyğun olduğu təsdiqlənmişdir. (???)
“ Tikintinin davam etdirilməsilə əlaqədar bildiririk ki, mütəxəssilər tərəfindən müşahidə olunan bu təhlükənin qarşısının alınması məqsədilə çayın Baş Göynük kəndi ərazisinin keçən hissəsində yaşayış evlərinin, həyətyanı sahələrin mühafizəsi üçün avtomobil körpüsünün aşağı hissəsində, çayın sol sahilində yerləşən Aşağı Göynük, Köndəklən, Yeni Göynük və digər kənd ərazilərinin mühafizəsi üçün 4500 pm yeni beton mühafizə divarlarının layihəkləndirilməsi və tikintisi məqsədəuyğun hesab edilmişdir. Müvafiq vəsait ayrıldığı təqdirdə Şəki rayonun Baş Göynük kəndi ərazisinin “Şinçay”ını sel və daşqın sularından mühafizə məqsədilə , bəndin yenidən qurulması layihəsinin sənədlərini hazırlamaqla həyata keçirilməsini mümkün hesab edirik.”

Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib…

Bəli, 2006-cı ilədək Kür və Araz Çaylarının Bəndatma İdarəsinə rəhbərlik etmiş, 2006-2023-cü ilədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində işləmiş cənab Zakir Quliyev belə bir əsassız mülahizələrlə yazdığı və imzaladığı məktubla Baş Prokurorluğun müraciətlər və işlərin təşkili şöbəsinin rəisi müavini cənab Yadigar Aslanova yalan və əsası olmayan məlumatlar verə bilərlər. Z.Quliyev bir peşəkar meliorasiya işçisi kimi vicdan əzabı belə çəkmədən qeyd edir ki, “ Səhmdər Cəmiyyətin göstərişi əsasında onun mütəxəssisləri tərəfindən yerində araşdırılmış, sel təhlükəli ərazilərə və qəzalı vəziyyətə düşmüş mövcud bəndlərə ətraflı baxış keçirilmişdir.. Məlum olmuşdur ki, yağan intensiv yağışlarla əlaqədar çayda suyun artması ilə əlaqədar sel və daşqın sularının gətirdiyi bərk suxurların təsirindən və suyun axın surətinin böyük olması nəticəsində uzunmüddətli yan sahilboyu və dib yuyulması prosesləri güclənərək mövcud bəndlərin dayanıqlığı vəziyyətinə mənfi təsir göstərmişdir” Z.Quliyev guya əvvəldən bilmirdimi ki, “Şinçay” Azərbaycanda dağıdıcılığna görə 3 çaydan biridir. Və ona görə çayın surətli axımı bəndlərin dib yuyulması prosesi zamanı dayanıqlığına mənfi təsir göstəribmiş.
Z.Quliyev yenə utanmadan qeyd edir:
“beton bəndlərin tikintisi işlərinin yerinə yetirilməsi zamanı istifadə olunan inşaat materialları tələb olunan tikinti norma və qaydalarınauyğun olması ilə əlaqədar bildirirk ki, tikinti müddətində götürülmüş beton, qırmadaş və qum nümunələrinin sınaq nəticələri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət DA-nin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılmışdır. Sınaq nəticəsinə əsasən inşaat materialları texniki xassələrinə görə mövcud standartların tələblərinə uyğun olduğu təsdiqlənmişdir”
Burada inşa edilən bəndlərin heç biri tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Aparılsaydı qısa müddətdə aşınmaya və erroziyaya məruz qalaraq dağılmazdı, Zakir Quliyev. Bu fantaziyanızın heç bir əsası yoxdur. FHN-nin ekspertizası da rüşvətini alıb əsassız rəy vermişdir. Bunu yerində sübut etməyə ehtiyac yoxdur. Gəlib yerində baxış keçirən orta məktəb şagirdi də təsdiq edə bilər ki, burada tikinti zamanı nəzərdə tutulan sementin 5 %-i, yuyulmuş qum və doğranmış qırmadaş materialından isə ümumiyyətlə istifadə olunmamışdır. Buna əmin olmaq üçün insana sağlam iki göz lazımdır. Başqa heçnə.
Bizə ən çox təsir edən budur ki, Baş Göynük kəndi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə 25 il rəhbərlik etmiş sabiq sədr Əhməd Əhmədzadə Asiya İnkişaf Bankının, Nazirlər Kabuinetinin və cənab Prezidentin məlum Sərəncamı əsasında ayrılan milyonlarla dövlət vəsaitinin düzgün xərcləsə, “otkat” tələb etmədən heç olmasa təmənnasız nəzarət etsəydi yaxşı olardı. İndi minlərlə vətəndaşın həyatı taleyin ümidinə buraxılmış, sonuncu 20 Sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Bu ilin May ayında gözlənilən növbəti sel və daşqınlar zamanı 1909-cu ilin iyulun 14-də olduğu kimi, yenə minlərlə sakin mülklərilə birlikdə məhv ola bilərlər. Ona görə də baş verəcək çoxsaylı insan tələfatına səbəb ola biləcək təbii fəlakətlərin arzuolunmaz nəticələrinə görə bütün məsuliyyət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq və indiki rəhbərliyinin üzərinə düşcəkdir.
Hesab edirik ki, nə qədər ki, gec deyil, çay sahilində bəndvurma adı altında saxtakarlıqlar törədərək yarıtmaz iş icra edən , sifarişçi və icraçı təşkilatların rəhbərlərinin layihə-smetaya uyğun gördükləri keyfiyyətsiz işlərin ( əgər buna iş demək olarsa) aradan qaldırılması üçün cənab Ə. Əhmədzadənin Bakıda, Zaqatala və Qax rayonu ərazilərində sahib olduğu onlarla milyonluq mülklərin bir kiçik hissəsinin hesabına, məsələn, Bakıdakı, “AZərsu” ASC-nin mərkəzi ofisinin arxasında yerləşən 8 milyonluq dəyərə malik “Badu-Səba” şadlıq evini satmaqla ( daha doğrusu, dövlətə vurulmuş milyonlarla manat ziyanın yarıtmaz iş görənlərin şəxsi vəsaitləri hesabına ) “Şinçay” ətrafındakı dağılıb sıradan çıxmış bəndlərin 2024-cü ilin May ayınadək yenidən qurulması və təşkil edilməsi öhdəliyi sifarişçi və icraçıların üzərinə qoyulmalıdır.

İnanırıq ki, cənab Prezident İlham Əliyev tərəfindən növbəti Prezident seçkisi ərəfəsində 20 000 insanın həyatını risk altına atanlar barəsində müvafiq ciddi tədbirlərin həyata keçirilməsinə göstəriş verəcəkdir. Və nə qədər ki, çoxsaylı insan tələfatı baş verməyib, aidiyyatı dövlət qurumları dövlətə dəymiş maddi ziyanların hesablanaraq onları mənimsəmiş əhmədzadələrdən, quliyevlərdən dərhal tutularaq həmin vəsaitlərin kəndlərin mühafizəsi məqsədilə “Şinçay” sahillərində bənd bərkitmə işlərinin icrasına başlanılacaq.

Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir