Cəmiyyət

“Kapital Bank” adı gecə klubundakı partlayışda keçən iş adamını məhkəməyə verdi – TƏFƏRRÜAT

Azərbaycanın ən böyük özəl bankı hesab olunan “Kapital Bank” ASC 3 hüquqi, 1 fiziki şəxs haqqında məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraatına verilib.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan hüquqi şəxslər – “SS-22” MMC, “Merser Trade” MMC və “IS Consumer Producrs” MMC, fiziki şəxs isə Yusubov İsrail Arzu oğludur.
Onu da bildirək ki, “Kapital Bank” ASC-nin məhkəməyə verdiyi şirkətlərdən birinin – , “Merser Trade” MMC-nin adı 2 il əvvəl Bakıda “Location” gecə klubunda baş verən partlayışda hallanıb.
Partlayışla bağlı Baş Prokurorluğun açıqlamasında bildirilib ki, saxlanılan şəxslər arasında obyekti icarəyə götürən “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi – klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
Məlumat üçün bildirək ki, obyekti icarəyə götürən “Merser food” MMC 18 sentyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Rəşid Behbudov, ev 65, m 61-də yerləşən MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.
Kərimli Nurlan Mahir oğlunun rəhbərlik etdiyi daha bir şirkət – 27 mart 2017-ci ildə dövlət qeydiyyatına alınan “Merser” ASC adlanır. Nizamnamə kapitalı 4 min manat olan “Merser” ASC-nin hüquqi ünvanı Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B-də yerləşir.
“Merser food” MMC-nin qeydiyyatından 10 gün sonra – 28 sentyabr 2018-ci il tarixində Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B ünvanında “Merser Trade” MMC adlı daha bir şirkət də qeydiyyatdan keçib və bu şirkətin qanuni təmsilçisi Yusubov İsrail Arzu oğludur.
Yusubov İsrail Arzu oğlu 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkətin də qanuni təmsilçisi olub. Həmin şirkətlərdən birinin – “Is Consumer Products” MMC-nin (əvvəlki adı “Is Chemıcal”) qanuni təmsilçisi Səfərli Orxan Məhərrəm oğlu da gecə klubundakı partlayışa görə həbs olunub.
Yusubov İsrail Arzu oğlu eyni zamanda “Is Group” və “Isr Group” MMC-lərin də qanuni təmsilçisi olub.
20 iyun 2016-cı ildə dövlət qeydiyyatına alınan “Isr Group” MMC 4 ay sonra – 9 noyabr 2016-cı il tarixində ləğv olunduğunu açıqlayıb.
Məlumat üçün onu da qeyd edək ki, Yusubov İsrail Arzu oğlu eyni zamanda Moskva şəhəri, Lublınskaya küç. ev 47 ünvanında qeydiyyata alınan “Merser” şirkətinin təsisçisi və rəhbəridir. Şirkət 9 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Maraqlı və diqqət çəkən məqamlardan biri odur ki, İsrail Yusubov “Location” gecə klubunda baş verən partlayışdan təxminən 10 gün əvvəl – 24 mart 2022-ci ildən etibarən “Merser” şirkətinə rəhbərlik edir. Daha əvvəl şirkətə Yusubov Pərviz Qabil oğlu rəhbərlik edib. Şirkətin ilk rəhbəri və təsisçisi isə Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı Mişiyev Adil Rafiq oğlu olub.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir