Xəbər

Abşeron Milli Parkının yaranmasından 19 il ötür

Abşeron Milli Parkının yaranmasının 19 illiyi “Gələcəyimizin 5T gündəliyi” adlı çağırışla və maarifləndirici tədbirlə qeyd ediləcək.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Tullantını azalt”, “Təkrar istifadə et”, “Təkrar emal et”, “Ting ək”, “Təbiətə dost ol!” sloqanlarının birləşməsindən yaranan 5T gündəliyi hər birimizin ətraf mühitə münasibətdə öhdəliyini, təbiətə zərər vermədən formalaşmalı olan həyat tərzimizi ehtiva edir.

Məqsəd “Yaşıl dünya naminə həmrəylik ili”nə və iqlim dəyişmələrinə təsir göstərən antropogen amillərin azaldılmasına yönələn COP29 kimi vacib beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə diqqəti cəlb etmək, çağırışlarımızla cəmiyyətimizi maarifləndirməkdir.

Məktəblilərin iştirakı ilə keçiriləcək tədbirdə “Təbiətə dost ol!” sloqanının ifadəsi təbiət guşələrimizi tərənnüm edən Azərbaycan Fotoqraflar Birliyinin təmsilçisi, tanınmış fotoqraf Aydın Mehdiyevin fərdi fotosərgisində, “Təkrar istifadə et” çağırışının nümunə tətbiqi “Forest School Azerbaijan”ın təqdimatında nümayiş etdiriləcək.

“Ting ək” sloqanı “yasilgelecek.az” platforması üzərindən 19 ədəd ting əkməklə, “Tullantını azalt” və “Təkrar emal et” çağırışları isə Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun maarifləndirici çıxışı ilə təqdim olunacaq.

Qeyd edək ki, foto sərginin nümayişinə bu gün, fevralın 8-dən start verilir. Sərginin açılış mərasimi və “Gələcəyimizin 5T gündəliyi” tədbiri isə fevralın 9-da keçiriləcək.

Xatırladaq ki, Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 8 fevral 2005-ci ildə yaradılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir