“Gəncə” voleybol klubu şəhər voleybol məktəbinin yetirməsi Fidan Dəmirova ilə müqavilə bağlayıb.
“Zirvə yolu” xəbər verir ki, voleybolçu məşqçilər korpusunun seleksiya işi zamanı diqqəti cəlb edib.
Məşqlərdə fəallığı ilə seçilən idmançı ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. Klub prezidenti Elvar Osmanov bu keçidi yüksək qiymətləndirib, istedadlı yerli voleybolçuların axtarışında olduqlarını bildirib.
Klub rəhbəri gəncəli oyunçu ilə müqavilə imzalamağın sevindirici hal olduğunu söyləyib: “İnanıram ki, Fidan oyunu ilə həm azarkeşlərin, həm də gələcəkdə millilərin məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq. Baş məşqçimiz Sergey Çasnavitski Şəki və Tovuzda da seleksiya məşqlərini izləyib. Hazırda məşqçi ilə bu görüşlərlə bağlı müzakirələr aparırıq. Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və yığmalar üçün perspektivli idmançılar hazırlamaqdır”.
Qeyd edək ki, “Gəncə” Yüksək Liqada 13 turdan sonra 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.