Cəmiyyət

“O dövr üçün əlil sayılıb, indi sağlamdır”

“2010-cu ildən ikinci qrup əlil kimi pensiya almışam. Amma 11 il sonra, 2021-ci ildən əsassız olaraq pensiyam dayandırılıb”.

Bu iddia ilə “Qafqazinfo”ya Sabirabad sakini Bəybala Zülfü oğlu Əsgərov müraciət edib.

Onun sözlərinə görə, əlillik almasına səbəb hərbi xidmətdə olarkən səhhətində yaranan problemlər olub: “Hərbi xidmətdə olarkən ayağım sındı. Səhhətimdə problem yarandı. Hərbi Hospitalda 3 ay yatdım. 10 ayın əsgəri idim, hərbiyə qayıtmaq istəyirdim, amma qayıda bilmədim. Ürəyimdə və başımda da problemlər var idi. Rasim Gözəlov komissiya üzvü təyin olunandan sonra pensiyamı saxladı. Gedirəm Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, mənim sənədlərimi sistemə vurmurlar. Gözəlovla əvvəllər aramızda pul söhbəti olub, indi ona görə mənimlə belə edir. Deyir hara şikayət edirsən et, vəkil tutub səni süründürəcəyəm. Hərbi Hospitalın verdiyi sənədi “saxta” adlandırır. Deyir mən bu sənədi sistemə vursam, məni tutarlar”.

B. Əsgərov ayağının şişdiyini, yerimək qabiliyyətini itirdiyini deyir: “Əmək qabiliyyətimi də itirmişəm, ev şəraitindən kənarda qala bilmirəm. Başımda və ürəyimdə problemlər var. Kardiologiya İnstitutunda müayinələrdən keçmişəm”.

Problemlə əlaqədar adı hallanan 16 nömrəli TSEK-in (Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul) keçmiş sədri, hazırda komissiya üzvü olan Rasim Gözəlovla əlaqə saxladıq. O, səsləndirilən ittihamları təkzib edərək B. Əsgərova əlillik düşmədiyini bildirdi: “Bu şəxs dəfələrlə prokurorluğa müraciət edib ki, guya mən ondan 1000 manat pul istəmişəm. Geniş izahat vermişəm ki, onun dediyi şər-böhtandır. Özü ilə də üzbəüz söhbət etmişik, demişəm ki, əgər pul istəmişəmsə, ver komissiyaya, tutdur. TƏBİB-ə neçə dəfə müraciət olunub, izahat vermişəm ki, şər-böhtandır. Hazırda heç Tibbi Sosial Ekspert Komissiyasının sədri də deyiləm, belə bir səlahiyyətim də yoxdur. O, bizdə müayinəyə gəldi, Kardiologiya İnstitutundan rəy gətirmişdi. Həmin rəy onun TSEK-ə göndəriş verilməsinə heç bir əsas vermirdi. Bu adam xəstə olmağına xəstədir, amma ona əlillik düşmür. Bizdə obyektiv müayinə olundu və təqdim olunan tibbi sənədlər TSEK-ə göndərişə əsas vermədiyinə görə ona bir sənəd də yazıb verdik. Orada qeyd olunur ki, bu sənədlərlə meyarlara uyğun deyil. Bundan sonra mənimlə intriqa aparmağa başladı. O gün anası da gəlmişdi, direktorun yanında məni hədələdi. Bir müddət əvvəl də qohumu gəlmişdi, o da məni hədələyirdi ki, “biz Əsgərovlardanıq”. Bilmirəm bu işdə mənim adım niyə hallanır? Qərarı hamı imzalayıb, mən də həmçinin…”

R. Gözəlov B. Əsgərovun hazırda sağlam və əmək qabiliyyətli olduğunu iddia edib: “Bu adam sintezatorda ifa edir, pulunu qazanır.

Əslində çox adamın xəstəliyi var. Bunun da əvvəl müəyyən xəstəliyi olub və o dövr üçün əlil sayılıb. İndi isə sağlamdır. Xəstəliyində revmatizmi faktor kimi göstərmişdilər. Lakin yoxlandı gəldi, revmofaktorların hamısı mənfi çıxdı. Onda mülayim dərəcədə funksiya pozğunluğu var. Bu da əsas vermir ki, əlillik alsın. Mən vaxtilə TSEK-in sədri olmuşam, əsgərlikdən gələndə kasıb adam olduğunu nəzərə alıb ona hörmət eləmişəm. O da mənim səhvimdir və indi də onun cəzasını çəkirəm”.

Gülnar Əliyeva

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir