BP: AÇG-də hasilatın kəskin azalmasının qarşısının alınması proqramı hazırlanacaq
Bu ilin sonuna kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda (AÇG) hasilatın kəskin azalmasının qarşısının alınması proqramı hazırlana bilər.
“Zirvə yolu”nun məlumatına görə, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, AÇG-də hasilatın azalması tempinin yavaşlaması və stabilləşdirilməsi məsələsi çoxdandır müzakirə obyektidir: “Hasilatın azalmasının qarşısının alınması yolları ilə bağlı müzakirələr təzə deyil və çoxdan gedir. Prinsip etibarı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə davamlı olan bir prosesdir”.
B.Aslanbəyli bildirib ki, hasilatın nəzərdə tutulandan çox düşməsi təbii ki, ölkənin iqtisadiyyatına da təsir edir: “Hasilatın azalması operator olaraq bizə və bütün konsorsium üzvlərinə də təsir edir. Bunun üçün də hamının marağındadır ki, hasilatın düşmə tempi azaldılsın, hasilat stabilləşsin və uzunmüddətli olsun. AÇG-də hasilatın azalması gözlənilirdi. Lakin bu proses nəzərdə tutulandan daha yüksək olub. Ümumilikdə, yəqin ki, 2024-cü il ərzində artıq o danışıqların nəticəsinə görə müəyyən bir proqram hazırlanacaq ki, hasilatın kəskin şəkildə azalmasının qarşısı alınsın”.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.